Şəhid Azad Yolçuyevin qəhrəmanlıq hekayəsi - VİDEO

16 Aprel 2021 11:19

Hələ qız övladı təzə dünyaya gələndə Tovuz döyüşlərinə qatıldı. Ondan sonra da müxtəlif təlimlərdə iştirak etdiyinə görə qızını görməmişdi. Vətən müharibəsi başlamazdan bir müddət əvvəl 10 günlüyünə evə gəlmişdi, balacasını da ancaq o vaxt görə bildi. Döyüşə qatılmadan öncə də "qızımla şəkil çəkdirim, sonrasını bilmək olmaz" demişdi. Ucaldığı məqamla ölümsüzlüyü əbədiləşdirən vətən müharibəsi qəhrəmanlarından biri də şəhid gizir Azad Yolçuyevdir. 

Milli.Az xezerxeber-ə istinadən xəbər verir ki, Ağstafa rayonunun Kolayr kəndində anadan olan Azad Yolçuyev uşaqlıqdan idmana və hərbə böyük maraq göstərib. Hərbi xidmətdən sonra təhsilini artırıb və gizir kimi xidmətini davam etdirib. Beş il tank komandiri kimi xidmət edən Azad sonradan fiziki göstəricilərinə, cəsurluğuna və çevikliyinə görə kəşfiyyat bölüyünə keçirilib.

Azadın döyüş yolu Xüsusi Təyinatlı Qüvvələrin tərkibində qrup komandiri olaraq Murov silsiləsindən başlayaraq Füzuli, Hadrut, Cəbrayıl, Kəlbəcər və Şuşaya kimi uzanır. Elə Şuşa döyüşlərində də şəhidlik zirvəsinə ucalır.

Şəhidimizin iki övladı var. Azad üzünü çox az gördüyü qızı ilə sonuncu dəfə şəkil çəkdirib. Həyat yoldaşına deyib ki, qoy qızımın da atası ilə şəkli olsun.

Azad "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Milli.Az