Koronavirus keçirənlər oruc tutmamalıdır - Həkim XƏBƏRDARLIĞI

16 Aprel 2021 22:30

PANDEMİYA VƏ RAMAZAN: İMMUNİTETİMİZİ NECƏ QORUYAQ?

İstər Ramazan ayının vacib ibadətlərindən biri olan oruc tutulduğu zaman, istərsə də pandemiya dövründə düzgün və sağlam qidalanma mütləqdir. Artıq ikinci ildir ki, Ramazan ayı pandemiya dövründə qədəm qoyur. İmmuniteti zəif olanlar isə daha tez koronavirusa yoluxur və ağır keçirir. Hazırda mutant virusunun hökm sürdüyü bu çətin günlərdə oruc tutanlar elə qidalanmalıdır ki, immunitet sistemi zəifləməsin.

Bəs immunitetin zəifləməməsi üçün Ramazan ayında necə qidalanmalıyıq?

"Çox adam deyir ki, "sahurda yeməyim, niyyət etmişəm, dözürəm", amma bu, düzgün deyil"

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı həkim-dietoloq Rəna Həsənova bakupost.az-a bildirib ki, insan orqanizmində şəkər, yağ və zülal maddələri ilə təmin edilmək üçün ehtiyat mənbələri mövcuddur:

"Oruc sayəsində onların işə düşməsi ilə bədəndəki orqanlarda yenidənqurma prosesi gedir. Orucluq zamanı mədə-bağırsaq sistemi istirahət edir. Oruc bədənimizin zərərli toksinlərdən azad edilməsi üçün ən optimal üsuldur. Həmçinin, dalaq, ürək, qan-damar sisteminin yenilənməsinə, ifrazat sisteminə də müsbət təsir göstərir. Oruc tutmaq nəticəsində böyrəklər dincəlir və normal fəaliyyətini bərpa edir. Lakin bu zaman qidalanmaya fikir vermək lazımdır. Çünki qidalanmamağımız nəticəsində fiziki çətinliklərlə üzləşirik. Bu da əksər hallarda piylənmə, ya da zəifliklə və mədə-bağırsaq sisteminin pozulması ilə nəticələnir. Yəni çox adam deyir ki, "sahurda yeməyim, niyyət etmişəm, dözürəm", amma bu, düzgün deyil. Daha çox tərkibində kalsium və protein çox olan qidaların qəbulu məsləhətdir. Bundan başqa xroniki ağciyər xəstəliyindən əziyyət çəkənlər, bronxial astma xəstələri, nəzarət edilə bilinməyən şəkərli diabeti olanlar, insulindən asılı diabetlilər, qaraciyər serrozu olan şəxslər, hepatit B, C olanlar, qan şəkəri tez-tez aşağı düşənlər, anemiyası olanlar, qastrit, eroziya, mədə xorası olanlara məsləhət görümürəm. Çünki bu zaman bir çox problemlərlə üzləşə bilərlər".

"Çox yemək immun sistemi üçün məsləhət deyil və xəstəlikdən qorumur"

Həkim-qastroenteroloq Habil Hüseynov açıqlamasında deyib ki, ac qaldıqda narahat olan xəstələrin oruc tutması məsləhət deyil:

"Sağlam insanlar oruc tutmalıdır. Oruc tutarkən immun sisteminin düzgün işləməsi üçün keyfiyyətli qidalanma məsləhətdir. Əlavə multivitamin və mineral kompleksinin alınması faydalı ola bilər. Çox yemək immun sistemi üçün məsləhət deyil və xəstəlikdən qorumur. Yetərli maye qəbulu mütləqdir. Ramazan toplu iftar və təravih namazları ilə xarakterikdir. Amma bu günlərdə pandemiya qaydaları öndə olmalı və toplantılardan qaçmaq lazımdır. Eyni zamanda, vaksinasiya olunmaq da fayda verə bilər".

"Koronavirusa yoluxanlara oruc tutmaq olmaz"

Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov da qeyd edib ki, oruc tutmaq bəzi insanların sağlamlığına ciddi ziyan verə bilər. Onun fikrincə, koronavirusa yoluxan insanlar ac qalmamalıdır:

"Bu il bizdə oruc müddəti 15 saatdır. Orucluq ayında orqanizmində bir sıra faydalı dəyişikliklər olur. Belə ki, qan şəkəri tənzimlənir, insulin dirənci azalır, metabolizma yağları, pis xolestrolları parçalayır, qaraciyər yağlanması azalır, immun sistemi güclənir, sağlam çəki atılır. Amma bu o demək deyil ki, biz oruc tutub arıqlamalıyıq. Bir sıra insanlar var ki, onlara oruc tutmaq olmaz. Onlardan biri də koronavirusa yoluxanlardır. Oruc tutan şəxs günboyu yemək yemədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət yetirilməlidir. Sahurda duzlu, çox şirin olan məhsullardan uzaq durmalıyıq. Nəzərə alsaq ki, bütün günü susuz qalırıq, yaxşı olardı ki, yavaş-yavaş, 1 saat ərzində 700 ml su içilsin. Meyvələr, tərəvəzlər, lifli qidalar istehlak edilməlidir. Gec həzm olunan məhsullardan yemək daha yaxşıdır. Bu bir müddət insanı tox tutur. Səhər 100 qram qırmızı ət yeyilə bilərlər. Sağlam zülallara, karbohidratlara üstünlük verməliyik. Orqanizmimizin hər kiloqramına 1 qram zülal düşürsə, biz onları bölməliyik. Yəni 50 faiz bitki mənşəli, 50 faiz isə heyvan mənşəli qidalar olmalıdır. İftar isə su və xurma ilə açılmalıdır. Su qanı durultmaq üçün mütləq içilməlidir. Süfrədə çox yeməmək, mədəmizi doldurmamaq üçün xurma yeyilməlidir. İlk yeməyə şorbalarla başlamalıyıq. Bunlardan lifli şorbalar yəni, brokoli, mərci, göbələk ola bilər. Şorbadan sonra 10-15 dəqiqə gözləməliyik. Ondan sonra ana yeməyi yeməliyik ki, mədəyə ağırlıq düşməsin. Bir şeyi unutmaq olmaz ki, tikəni yaxşı çeynəyib, udmalıyıq. Çünki yaxşı çeynənilməyən tikə mədəmizdə köp, həzm pozuntusuna gətirib çıxara bilər. Çörək isə tam buğda və ya çovdar ununun qarışığı olmalıdır. Çörək lifli olduğuna görə, insanı tez doydurur. İçkilərə gəldikdə isə, rəngli qazlı şirələrdən uzaq durulmalıdır. Ayran, kompot, meyvə şirələri, yaşıl və ya kəklikotulu çay ola bilər. Bir sözlə, ana təbiətin bizə bəxş etdiyi bitki çaylarından istifadə daha yaxşı olar. Qara çay içərkən isə çox tünd olmamasına diqqət edin".

Ramazan.Milli.Az

Milli.Az