Dünya ölkələri Yaponiyanın "Fukusima-1" AES-də toplanmış çirkab suyun okeana axıdılması qərarına fərqli reaksiya verib

14 Aprel 2021 19:40

ABŞ və Yaponiyanın qonşuluğunda yerləşən Asiya ölkələri Yaponiya hökumətinin "Fukusima-1" AES-də toplanmış çirkab suyun təmizləndikdən sonra okeana axıdılması barədə qərarına fərqli reaksiya verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-ın Dövlət katibi Entoni Blinken "Twitter" sosial şəbəkəsində məsələni şərh edərək yazıb: "Biz "Fukusima-1" AES-də toplanmış təmizlənmiş suyun okeana axıdılması barədə Yaponiyanın şəffaf hərəkətlərinə görə minnətdarlığımızı bildiririk".

E.Blinken, həmçinin bildirib ki, ABŞ bundan sonra da Yaponiyadan Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birgə, əlaqələndirilmiş fəaliyyət gözləyir.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays da məsələ ilə bağlı bəyanatla çıxış edib. Mətbuat katibi bildirib ki, Yaponiya nüvə təhlükəsizliyi ilə əlaqədar beynəlxalq standartlara uyğun olaraq hərəkət edir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Mariano Qrossi də "Fukusima-1" AES-də saxlanılan təmizlənmiş suyun okeana axıdılması barədə Yaponiya hökumətinin qərarını düzgün hesab etdiyini bildirib.

BAEA-nın rəhbəri aprelin 14-də öz videomüraciətində deyib ki, bu addım "Fukusima-1" AES-in istismardan çıxarılması istiqamətində mühüm tərəqqiyə yol aça bilər.

R.M.Qrossi deyib: "Yaponiyanın seçdiyi üsul texniki cəhətdən həyata keçirilə bilər və dünya təcrübəsinə uyğundur".

BAEA-nın rəhbərinin sözlərinə görə, dünyadakı bütün AES-lərdə istifadə edilmiş təmizlənmiş su daim okeana axıdılır və bu zaman onun təhlükəsizliyinə, ətraf mühitə təsirinə xüsusi tənzimləyici icazə əsasında nəzarət edilir.

R.M.Qrossi BAEA-nın hər an təhlükəsizliyə nəzarət üçün texniki dəstək göstərməyə və planın şəffaf şəkildə həyata keçirilməsinə yardım etməyə hazır olduğunu da deyib.

Bununla yanaşı, bir sıra ölkə, o cümlədən Rusiya, Çin və Cənubi Koreya bu addımın əleyhinə olduqlarını bildiriblər.

Milli.Az