Bakının tıxac problemi niyə bitmir? - VİDEO

14 Aprel 2021 11:04

Səhər işə gələrkən və eyni qaydada, axşam işdən qayıdarkən demək olar ki, bir çox sürücü yolda tıxacda qalır. Tıxaclar bəzən saatlarla vaxt aparır. Paytaxtın mərkəzi küçələri əsas prospektlərdə bir qayda olaraq sıxlığın olması avtobusların hərəkətinə də təsir edir. Tıxacın səbəbləri isə müxtəlifdir.

Tıxacda saatlarla qalan sürücülər, sıxlıqdan yaranan uzun avtomobil karvanı.

Son bir neçə gündür şəhərin mərkəzi küçələrində müşahidə edilən mənzərə belədir. Xüsusilə də səhər saatlarında sürücülər uzun müddət yollarda qalmalı olurlar.

Bəzi sürücülər tıxacda avtomobili söndürüb yolun açılmasını gözləyir, bəziləri isə alternativ yollar axtarmağa çalışırlar.

Yolda yaranan tıxac səbəbindən avtobusların intervalında da gecikmələr yaranır. Gecikmələr səbəbindən vətəndaşlar mənzil başına vaxtında çata bilmirlər.

Milli.Az xezerxeber-ə istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli tıxacların yaranmasının bir neçə səbəbinin olduğunu deyir. Həm avtomobillərin sayının çox olması, həm də parklanma qaydalarının pozulması bir çox yolda mütəmadi olaraq sıxlıq yaradır.

Həmçinin metronun bağlı olması səbəbindən avtobuslar ictimai nəqliyyatın yükünü tam qaldıra bilmir. Nəticədə taksilərə də tələbat artdığından yollarda avtomobillər çoxalır ki, bu da nəticə etibarilə tıxaclara səbəb olur.

Milli.Az