Allergiyaya görə iflic olan model on milyonlarla dollar təzminət aldı - FOTO

14 Aprel 2021 09:24

Şirniyyata allergik reaksiya səbəbindən iflic olan modelə faciədən səkkiz il sonra on milyonlarla dollar təzminat ödənilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Las Vegas Review-Journal" xəbər yayıb.

Məlumata görə, amerikalı model Şantel Cakalone fıstıq yağı ilə bulkaya qarşı ani bir allergik reaksiya səbəbindən anafilaktik şok yaşayıb və nəticədə beyninin sol yarımkürəsi  zədələnib. Model kömək üçün "MedicWest" təcili yardım xidmətinə müraciət edib. Zərərçəkmişin vəkilinin sözlərinə görə, həmin gün növbədə olan iki həkimdən heç biri bədənin belə bir reaksiyası üçün zəruri tədbir olan adrenalinin venadaxili inyeksiyasını həyata keçirməyib.

Las-Veqasdakı Andlılar Məhkəməsi keçmiş modelin "MedicWest" işçilərinin səhvinə görə ömürlük iflic qaldığı barədə qərar verib. Təzminat olaraq Cakalone ailəsinə 30 milyon dollara yaxın pul ödənilib.

Hazırda 35 yaşında olan zərərçəkənin əl və ayaqları iflicdir, zond vasitəsilə qidalanır. Cakalonenin valideynləri ona günün 24 saatı baxım göstərirlər. Onların sözlərinə görə, alınan vəsait qızlarının bundan sonrakı yaşamına və lazımi şəraitlə təchiz ediləcək yeni bir evə sərf ediləcək.

Milli.Az