Avropada külək enerjisi sektoruna ötən il 42,8 milyard avro investisiya yatırılıb

14 Aprel 2021 19:50

Keçən il Avropada külək enerjisi sektoruna 42,8 milyard avro sərmayə qoyulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "WindEurope" məlumat yayıb.

Bildirilir ki, il ərzində dəniz layihələrinə 26,3 milyard avro sərf edilib və ümumilikdə 7,1 giqavat ofşor külək enerjisi gücü yaradılıb. Quruda isə külək enerjisi sektoruna 16,5 milyard avro investisiya yatırılıb, ümumi gücü 12,5 giqavat olan stansiyalar quraşdırılıb.

Məlumata görə, külək enerjisinə investisiyalar Avropada cəlbedici sahə olaraq qalır. Külək investisiyalarının eyni maraqla davam etməsi üçün yeni sərmayələrdə Avropa Yaşıl Konsensusu nəzərə alınmalıdır. Bundan əlavə, aşağı karbonlu iqtisadiyyatı hədəf alan enerji transformasiyası prinsipləri də qəbul edilməlidir.

Quruda və dənizdəki layihələri əhatə edən ümumi investisiya sıralamasında keçən il Britaniya 13,5 milyard avro sərmayə ilə lider olub. Niderland 7,9 milyard avroluq sərmayə ilə ikinci, Almaniya 2,2 milyard avro ilə üçüncü, Fransa 1,8 milyard avro ilə dördüncü, Türkiyə isə 1 milyard avroluq investisiya ilə beşinci sırada qərarlaşıb.

Milli.Az