Latviyalı şagirdlərin yarıdan çoxu mərkəzləşdirilmiş imtahan verməyə özlərini hazır hiss etmirlər

12 Aprel 2021 21:35

12-ci sinif şagirdlərinin 55 faizi may ayında mərkəzləşdirilmiş imtahan verməyə hazır olduğunu hiss etmir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat ölkənin "Edurio" platformasında aparılmış sorğunun nəticələrinə əsasən yayılıb.

Bildirilib ki, şagirdlərin 34 faizi orta hazırlıq səviyyəsindədir. İmtahanqabağı öz biliyinə əmin olan şagirdlərin sayı 10 faiz təşkil edib.

Qeyd olunub ki, Riqa məktəbliləri paytaxtın hüdudlarından kənarda təhsil alan şagirdlər ilə müqayisədə özlərini imtahana daha hazırlıqlı hiss edirlər. Riqa məktəblilərinin 14 faizi, şəhərdən kənarda təhsil alan şagirdlərin isə 9 faizi öz biliyinə əmindir. Dövlət gimnaziyasında təhsil alan şagirdlər özlərini imtahanlara daha hazırlıqlı hiss edirlər. Sorğunun nəticəsinə əsasən bildirilib ki, distant təhsil səbəbilə şagirdlər özlərini çox mütəəssir hiss etdiklərindən onların mərkəzləşdirilmiş imtahana hazırlaşmaq istəyi və həvəsi yoxdur.

İmtahanlara hazırlıq üçün vacib olan əlavə dəstəyə dair suala gəlincə, şagirdlərin 47 faizi imtahan zamanı istifadə edilə bilən praktik məsləhət və strategiya əldə etmək, 46 faizi əyani konsultasiya almaq, 35 faizi müəllimlərin əks əlaqəyə çıxmasını və səhvləri müəyyən etmək, 32 faizi isə imtahanların gedişinə dair daha çox məlumata sahib olmaq istəyir.

Bildirilib ki, şagirdlərin 71 faizi Latviyada ali təhsil almağı planlaşdırır. Dövlət gimnaziya şagirdlərinin 11 faizi, qiyabi orta məktəb şagirdlərinin 10 faizi, ümumtəhsil orta məktəb şagirdlərinin 10 faizi və gimnaziya şagirdlərinin 4 faizi isə ölkə xaricində təhsil almaq istəyir.

Milli.Az