Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - İtaliyalı parlamentari

12 Aprel 2021 21:00

Azərbaycanla İtaliya arasında münasibətlər çox yüksək səviyyədədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanda səfərdə olan İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən V.Petroçelli İtaliya Respublikası Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselattinin salamlarını Milli Məclisin Sədrinə çatdırıb.

Bu gün Azərbaycanla İtaliya arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu bildirən Vito Petroçelli xüsusilə enerji sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu vurğulayıb.

Qonaq, ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin İtaliya parlamentinin hər iki palatasının Azərbaycan parlamenti ilə əlaqələrində də özünü göstərdiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az