Yaponiyada COVID-19 virusuna qarşı peyvənd vurulmasına başlanılıb

12 Aprel 2021 20:30

Aprelin 12-də Yaponiyada sayı 36 milyona çatan yaşlı sakinlərə koronavirusa qarşı peyvənd vurulmasına başlanılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Yaponiyada tibb işçilərinə ABŞ-ın "Pfizer" və Almaniyanın "BioNTech" şirkətləri tərəfindən hazırlanmış peyvəndlərin vurulmasına fevral ayında başlanılıb.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, peyvənd vurulması bütün ölkə üzrə 120 məntəqədə aparılacaq. Peyvəndin vurulması ilə əlaqədar ötən bazar günü Tokio, Kanaqava və Osaka prefekturalarının hər birinə 3900, digər prefekturalara isə 1950 doza peyvənd göndərildiyi də qeyd edilir.

Həmçinin nazirlikdən bildirib ki, bütün işlər nəzərdə tutulduğu qaydada davam edəcəyi təqdirdə, ölkə üzrə bütün yaşlı sakinlərə iki doza peyvəndin vurulması iyunun sonunadək başa çatdırılacaq.

Peyvənd vurdurmaq istəyənlərin həm telefon, həm də onlayn şəkildə yerli bələdiyyələrə müraciət edərək qeydiyyatdan keçməsi və lazımi talonu əldə etməsi tövsiyə olunur.

Milli.Az