Messi Ramosa çatdı, susqunluğunu yenə poza bilmədi

11 Aprel 2021 21:53

Futbol üzrə İspaniya La Liqasının 30-cu turu çərçivəsində baş tutan "Real"la səfər oyunu "Barselona"nın hücumçusu Lionel Messi üçün əlamətdar olub.

Milli.Az matc.az-a istinadən bildirir ki, argentinalı futbolçu Madrid təmsilçisinə qarşı 45-ci oyununu keçirib. Bununla da Messi "el klasiko"larda keçirdiyi oyun sayında "Real"ın müdafiəçisi Serxio Ramosa çatıb. Bu komandalar arasındakı oyunlarda ən çox forma geyinən futbolçu məhz ispan futbolçudur. Lakin o, zədə səbəbindən ötən gecə baş tutan qarşılaşmanı kənardan izləmək məcburiyyətində qalıb. Bu da Messinin Ramosa çatmasına imkan yaradıb.

Xatırladaq ki, Messi "Real"a qarşı ilk oyununu 2005-ci ilin 19 noyabrında keçirib. "Barselona" həmin matçda 3:0 hesablı qələbəyə sevinib.
 
Messi "el klasiko"larda rekorda şərik olsa da, əzəli rəqiblə son oyunlardakı qol susqunluğunu yenə poza bilməyib. 33 yaşlı hücumçu Madrid təmsilçisi ilə son yeddi matçda nə qol vura, nə də məhsuldar ötürmə edə bilib. O, 2018-ci ilin mayından "Real"la matçlarda fərqlənə bilimir. Argentina millisinin üzvü sonuncu dəfə 2018-ci ildə - Kristiano Ronaldo "Real"da çıxış edərkən məhsuldar ötürmə ilə yadda qalıb.
 
Qeyd edək ki, "Barselona" "Real"la son matçdan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

Milli.Az