Almaniyada peyvənd olunanlar testdən keçməli olmayacaq

9 Aprel 2021 17:54

Almaniyanın səhiyyə naziri Yens Şpan koronavirusa qarşı peyvəndlənmiş vətəndaşların tezliklə hüquq və azadlıqlarını bərpa edə biləcəklərini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nazir peyvənd olunan vətəndaşlara "COVID-19" testlərindən keçmək, özünü təcrid etmək və karantində qalmaq tələblərinin tətbiq edilməyəcəyini bildirib.

"Tam peyvənd vurduranlara mənfi test nəticəsi olanlar kimi yanaşılacaq" ,- deyə o qeyd edib.

Qərar "Robert Koch" İnstitutunun yeni elmi dəlillərinə əsaslanır. İnstitutun son hesabatına görə, 15 gün öncə peyvəndlənməni tamamlamış şəxslərdə yoluxdurma riski mənfi test nəticəsi göstərmiş şəxslərdən daha azdır. Hesabat 3 aprel tarixində Almaniyanın federal əyalətlərinə göndərilib.

Qərarın pandemiyanın üçüncü dalğası səngidikdə və məhdudiyyətlər götürüldükdə qüvvəyə minəcəyi gözlənilir.

Milli.Az