"Yaranan sualların cavablandırılması gələcək üçün çox əhəmiyyətlidir" - İsgəndər-M müəmması...

8 Aprel 2021 13:45

"Şuşada "İsgəndər-M" raketinin qalıqlarının aşkar olunması ilə bağlı Azərbaycan ictimaiyyətində bir sıra suallar yaranıb və bu sualların əsas mübahisəsi ondan ibarətdir ki, bu, Ermənistanın silah arsenalında olan "İsgəndər- E", yəni Export versiyası deyil, sırf "İsgəndər-M" raketlərinin olmasıdır".  

Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi analitik İlyas Hüseynov deyib. 

Politoloq bildirib ki, Peskovun bu məsələ ilə bağlı açıqlaması qənaətbəxş sayıla bilməz:

"Mənbələrdə qeyd olunur ki, 9M723 seriyalı raketin qalıqları tapılıb. Eyni zamanda ANAMA-nın əməkdaşları Şuşa şəhəri ətrafında dörd müxtəlif yerdə bu qalıqları tapıblar. İctimiyyətin, eləcə də ekspert camiasının sualları ondan ibarətdir ki, bu raketlər necə Ermənistanın nəzarətinə verilib, hansı formada, nə vaxt verilib, hansı koordinatlardan atılıb və hansı zaman kəsiyində bu raketlərdən istifadə olunub? Buna görə də, bu sualların cavablandırılması üçün ötən gün Azərbaycanın medai kapitanları bir müraciət ünvanlayaraq bu məsələyə aydınlıq gətirilməsini xahiş edirdilər.

Rusiyanın rəsmi sözçülərindən biri olan Dmitri Peskovun bu məsələ ilə bağlı açıqlaması var, lakin bu, qənaətbəxş bir açıqlama sayıla bilməz. Buna görə də, Rusiyanın aidiyyatı orqanları - Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Rusiyanın Azərbaycandakı səfirliyinin məsələyə qənaətbəxş münasibət bildirməsi xüsusi əhəmiyyət kəsb edir. İctimiyyət arasında olan narahatlığın aradan qaldırılması, Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək ruhunu və strateji tərəfdaşlıq münasibətlərini nəzərə alaraq hazırda yaranmış sualların cavablandırılması gələcək perespektivlər üçün də çox əhəmiyyətlidir.

Digər önəmli bir məsələ bundan ibarətdir ki, sülhməramlıların mandatının müəyyən olunması eyni zamanda Rusiyanın birinci kanalında Ermənistanın eks prezidenti Robert Köçəryanın Vladimir Poznerə müsahibəsi də bir sıra qərəzli və təxribatçı fikirlərlə yadda qaldı. Eləcə də ,verilişin aparıcısı Poznerin Köçəryanı qondarma qurumun "birinci prezidenti" kimi adlandırması kifayət qədər böyük suallar yaratdı".

Təhməz Əsədov
Milli.Az