"Prezident İlham Əliyevin bu bəyanatı Rusiyaya mesaj idi"

8 Aprel 2021 10:00

"Ermənistan baş naziri Nikol Paşinyanın Moskvaya səfərinin əsas məqsədi iyun ayında keçiriləcək növbədənkənar parlament seçkilərində Kremlin neytral mövqe tutacağına nə qədər güvənə biləcəyini yoxlamaq idi. Belə demək mümkündürsə, Paşinyan qarşıdan gələn seçkilərdə onu dəstəkləyib-dəstəkləməyəciyini bilmək üçün Putinin nəbzini yoxlamağa gəlmişdi".

Bunu Milli.Az-a açıqlamasında siyasi ekspert Fərid Əkbərov deyib.

Ekspert bildirib ki, Koçaryan qarşıdan gələn seçkilərdə Kreml sahibinin dəstəyini tam ala bilməyib:

"Kreml tərəfindən əvvəlcədən Putin-Paşinyan görüşünün gündəliyində əsasən ikitərəfli münasibətlər və Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatların həyata keçirilməsinin gedişatının müzakirəsinin olduğu açıqlansa da, məlum məsələ idi ki, görüşün əsas müzakirə mövzusu qarşıdan gələn parlament seçkiləri idi. 

Qeyd edək ki, Paşinyandan qabaq Moskvaya onun rəqibi Robert Koçaryan gəlmişdi. O da səfərinin məqsədinin üzvü olduğu "AFK Sistema" İdarə Heyətinin iclasında iştirak etmək olduğunu söyləsə də, aydın idi ki, Putinlə və Rusiyadakı havadarları ilə görüşmək üçün Moskvaya səfər edib. Erməni mətbuatında Koçaryanın videokonfrans vasitəsi ilə Putinlə görüş keçirdiyi barədə məlumat yayılsa da, Kremlin sözçüsü Dmitri Peskov Putinin Koçaryanla yalnız telefon danışığının baş tutduğunu açıqlayıb. Putin Koçaryanla heç videokonfrans vasitəsi ilə də görüşməyib. Bu məqam ondan xəbər verir ki, Koçaryan heç də qarşıdan gələn seçkilərdə Kreml sahibinin dəstəyini tam ala bilməyib. Baxmayaraq ki, o, özünü Rusiyaya sədaqətli göstərməklə bu dəstəyi aldığını nümayiş etdirir. Rusiya prezidenti Ermənistandakı daxili vəziyyətdən yaxşı xəbərdardır. Putin yaxşı bilir ki, Koçaryanın qalib gəlmə şansı çox aşağıdır. Lakin bununla belə, Putin Paşinyana Koçaryanın onun adamı olduğunu, seçkilərdə qalib gəlməsə belə, parlamentdə əsas müxalifət olacağını anlatmağa çalışır. 

Rəsmi Moskva hazırda regionda əsas zəmanətçisi olduğu Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmaların maneəsiz həyata keçirilməsinin tərəfdarıdır. Ona görə ki, Kreml üçün Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiya xətlərinin bərpa olunması xüsusi ilə vacib əhəmiyyət daşıyır. Bu, şimal qonşumuzun Yaxın Şərqdəki siyasi-hərbi mövcudluğu üçün də çox vacibdir. Məsələnin bu hissəsi ayrı müzakirə mövzusudur". 

F.Əkbərov deyib ki, Koçaryan bundan sonra rəsmi Bakının danışıqlar apara biləcəyi rəqib persona ola bilməz:

"Həm Koçaryanın, həm də Paşinyanın Moskvada səsləndirdiyi bəyanatlarda Kremlin xoşuna gələcək məqamlar mövcuddur. Koçaryan jurnalist Vladimir Poznerə müsahibəsində açıq-aşkar rusiyapərəst siyasət yürüdəcəyini açıqlayıb. Paşinyan isə Kreml sahibinin xoşuna gəlmək üçün Ermənistanda Rusiyanın iştirakı ilə yeni atom elektrik stansiyasını inşa etmək istədiklərini, Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının regionda sülhün və təhlükəsizliyin əsas təminatçısı olduğunu vurğulayıb. Bu nədən xəbər verir? Bu, Ermənistanda hakimiyyətə iddialı şəxslərin Kremlin dəstəyinə çox ehtiyac duyduqlarını göstərir. Lakin Koçaryandan fərqli olaraq Paşinyan arxasında sosial dayağın olduğunu bilir və bu amili məharətlə danışıqlarda Rusiyaya qarşı istifadə edir. Bununla belə, Paşinyan, hakimiyyəti üçün Rusiya tərəfdən daimi təhlükələrin olduğunu yaxşı başa düşür. Ona görə də, seçkiqabağı şimaldan gələn riskləri azaltmaq üçün o, Moskva ilə münasibətləri normallaşdırmağa çalışır. 

Bir müşahidə etdiyim məqamı da nəzərinizə çatdırmaq istəyirəm. 44 günlük müharibədən sonra Rusiyadakı erməni diasporu tərəfindən Nikol Paşinyan əsas hədəf halına gəlmişdi. Paşinyanı sərt tənqid edən Rusiyadakı erməni lobbistləri keçmiş prezident Robert Koçaryanın piarını aparırdılar. Lakin son zamanlar bu piar kampaniyasına ara verilib. Koçaryanın Poznerə məlum müsahibəsi istisnadır. Bu müsahibənin Putinlə görüşün baş tutmaması müqabilində Koçaryana güzəştə gedildiyini düşünürəm. Poznerin Koçaryanla müsahibə zamanı hazırlıqsız kimi görünməsi də buna bir işarədir. Düşünürəm ki, Rusiyadakı erməni lobbisinin təzyiqlərinə baxmayaraq Kreml Koçaryanı dəstəkləməyə yaşıl işıq yandırmayıb. Buna həm də Azərbaycan Prezidentinin çıxışlarında Koçaryan və Sarkisyan cütlüyü ilə bağlı bəyanatlarının da təsir etdiyini düşünürəm. Prezident İlham Əliyevin bu bəyanatlarını Kremlə verilmiş mesaj kimi qəbul edirəm. Rəsmi Bakı bununla Kremlə demək istəyir ki, Dağlıq Qarabağda separtçılığın əsasını qoyan Koçaryanı dəstəkləməkdən imtina etsin. Koçaryan bundan sonra rəsmi Bakının danışıqlar apara biləcəyi rəqib persona ola bilməz.   

Beləliklə, Koçaryan və Paşinyanın Moskva səfərləri onu göstərir ki, Kreml İkinci Qarabağ müharibəsindən sonra İrəvandakı siyasi proseslərə müdaxilə şansını daha da gücləndirib. Qərbin adamı olan Paşinyan da, özünü onun əsas rəqibi adlandıran və Rusiyanın etibarlı adamı sayılan Koçaryan da seçki öncəsi məsləhətləşmələr üçün ermənilərin tarixi sahibləri olan Rusiyanın ayağına gəlirlər. Qarşıdakı həftələrdə Ermənistanda maraqlı hadisələrin şahidi ola bilərik. Ayın sonuna kimi Paşinyanın istefası gözlənilir. Lakin bu, heç nəyi dəyişməyəcək, seçkilərə kimi yenə də Ermənistanda siyasi hakimiyyətə Paşinyan rəhbərlik edəcək".  

Təhməz Əsədov
Milli.Az