Arda Turan yenidən məhkəmə qarşısında

7 Aprel 2021 17:29

Müğənni Berkay Şahinin həyat yoldaşı Özləm Şahinə sataşmaqda günahlandırılan "Qalatasaray"ın futbolçusu Arda Turan haqqında yenidən məhkəmə prosesi başlanılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 2018-ci ildə Berkay Şahinlə Arda arasında gecə klublarından birində qarşıdurma baş verib və bundan sonra müğənni futbolçunu polisə şikayət edib.

O, Özləm Şahinə sataşmaqda günahlandırılıb. İstanbul 41-ci Asliye Cəza Məhkəməsinin qərarı ilə Arda Turan Özləm Şahinə "cinsi təcavüz" maddəsi ilə təqsirkar bilinib. Həmçinin oyunçu "qorxu və panika yaradacaq şəkildə silahla atəş açmaq", "qanunsuz silah gəzdirmə", "qəsdən adam yaralama" maddələri ilə günahlandırılaraq, haqqında 2 il 8 ay 15 gün müddətində azadlıqdan məhrum edilmə qərarı verilib.
 
Lakin bu qərar daha sonra İstanbul məhkəməsi tərəfindən pozularaq, futbolçuya yalnız "cinsi təcavüz" səbəbindən hökm verilməli olduğu bildirilib.

"Milliyət"in xəbərinə görə isə məsələ ilə bağlı məhkəmə prosesi yenidən başlayıb. Arda Turan zədəli olduğu üçün məhkəmə prosesinə qatılmayıb. Şahid qismində görülən Burak Yılmazın vəkili isə onun Fransada olduğunu və yerli çempionat başa çatdıqdan sonra məhkəmə prosesinə qatılacağını bildirib. Özləm Şahin isə məhkəmədən tələb edib ki, Arda Turan məcburi şəkildə prosesə cəlb olunsun. Məhkəmə Özləm Şahinin bu istəyini qəbul etməyib. Ona təqsirkarın və şahidin hazır olacağı vaxt məhkəməyə qatılacağı bildirilib.

Milli.Az