"Rusiya bu raketi Ermənistana veribsə..." - Polkovnik

7 Aprel 2021 14:03

"Paşinyan deyir, müharibə vaxtı "İsgəndər" raketi atmışıq. Ermənistanın müharibə dövründə Baş hərbi inspeksiyasının rəisi, əvvələr baş qərargah rəisi olmuş Movses Akopyan deyir, "İsgəndər" atmışıq. Serj Sarkisyan deyir Şuşa "İsgəndər"lə vurulub".

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Nazim Bayram deyib.

Polkovnik-leytenant bildirib ki, Rusiyada bəzi qüvvələr ictimai diqqəti "İsgandər"lərdən yayındırırlar:

"Şuşada ANAMA tərəfindən "İsgəndər-M" raketinin qalıqları tapılıb.  Rusiyanın "Arsenal Oteçestva" portalının redaktoru A.Leonkovsa deyir ki, "Şuşada tapılan raket qalıqları Rusiyanın Suriyada terrorçuları vurduğu "İsgəndər-M" raketinin qalıqlarıdır. Bəs Türkiyə Suriyadan qalıqları yığıb, gətirib Azərbaycana və Azərbaycan bunlarla Şuşada fotosessiya keçirib". Burada deyirlər, "Cхваченный фрайер хуже бешенной собаки" ("Yaxalanmış hərif quduz itdən betərdir"). Görünür hələ çox ayaqüstü uydurulmuş versiyalar eşidəcəyik. Hələlik belə uydurmalarla özlərini daha da "batırsınlar".

Bu, fikir yayındırmaqdır. Oktyabrda Rusiyadan Ermənistana gündə 7-8 hərbi-nəqliyat reysi gedib. İndi bir Karapetyan tapıblar, güya o, İl-76 alıb, onunla kontrabanda silah daşıyıb. İctimai diqqəti "İsgandər"lərdən yayındırırlar. Rusiyada anbardan Ermənistana gizli yollarla gətirilibsə təlim raketi də ola bilər, ona görə kaseti boş olub, qəlpəsi olmayıb. Yəni satan alanı aldadıb. 

Görünür araşdırma gedir. İndi Rusiya tərəfindən səsləndirilənlər, o cümlədən FSB araşdırması barədə məlumatlar, rəsmi cavab deyil, mətbuatda yayılan versiyalardır. Biz hazırda qeyri-rəsmi versiyaları müzakirə edirik. Məsələ ikitərəfli münasibətləri aşır. Beynəlxalq razılaşmaya görə 300 km-dən artıq mənzilli raketlər ixraca qadağandır. Rusiya bu raketi kənara veribsə, "zərərçəkənin şikayət ərizəsinə" ehtiyac yoxdur, bu, beynəlxalq qalmaqaldır.

Adi "İsgəndər"in müharibə şəraitində tətbiqi hərbçilərin əlindədir. Qabriyelyan deyirdi, Qasparyan ona danışıb ki, "İsgəndər"i atmamışdan bu barədə Rusiyaya məlumat verib, Rusiyadan deyiblər ki, raket sizin, müharibə sizin (yəni özünüz baxın). 

Hərbçi kimi ümumiyətlə düşməni əlində olan silahlardan istifadəyə görə ittiham etmirəm (mülki hədəflər deyilsə). Biz də əlimizdə olanla onları vurmuşuq. Məsələ ondadır ki, qalıqlarda E-ə işarə yoxdur. M-in Rusiyadan kənara verilməsi isə raketlər barədə elə Moskva razılaşmasının kobud pozulmasıdır". 

Təhməz Əsədov
Milli.Az