Vaksin olunan bəzi şəxslərdə immunitet yaranmaya bilər - İnfeksionist danışdı

7 Aprel 2021 10:41

"Xəstəliyin gizli (inkubasiya) dövründə vaksin olunarkən COVID-ə yoluxmaq mümkündür".

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Vüsalə Yaşar deyib.

İnfeksionist bildirib ki, vaksindən sonra bəzi insanlarda immunitet yaranmaya bilər:

"Hər iki doza peyvəndini alan insanlar immunitet tam formalaşmadan koronavirusa yoluxa bilərlər. Yoluxan xəstələr də var. Gördüyüm həmin xəstələrin yaşı çox olmasına baxmayaraq xəstəliyi hələ ki daha yüngül keçirirlər.

Bu gizli (inkubasiya) dövrdə insan özündə xəstəlik olduğunu bilmir. Əlamətlərin yaranması dövrü isə vaksindən sonrakı günlərlə üst-üstə düşür.

İlk dozadan 56 gün sonra antitellər formalaşmağa başlayır. O səbəbdən də maska, spirt və məsafəni unutmamalıyıq. İmmunitet formalaşmadan rahatlaşmaq olmaz. Vaksinin qoruyuculuğu 90%-ə qədərdir. Yəni bəzi insanlarda immunitet yaranmaya bilər. Çoxluqda isə yaranır".

Təhməz Əsədov
Milli.Az