Apple-a görə 600000 dollarlıq bitcoin itirdi

8 Aprel 2021 21:55

Kriptovalyuta sahibi yarım milyon dollardan bir qədər çox vəsait itirib. Bunun əsas səbəbi isə diqqətsizlik olub. Lakin problemin məğzi göründüyündən daha dərindir. Belə ki, kriptovalyutasını itirmiş şəxsə lazım olan tətbiqin saxta versiyası App Store platformasının təhlükəsizlik sistemindən yan keçib. Bu barədə The Washington Post saytı xəbər verib. Phillipe Christodoulou adlı şəxs öz elektron portmanat balansını yoxlamaq istəyib. Bu məqsədlə o, Trezor adlı tətbiqi yükləmək üçün App Store mağazasına daxil olub.

Qeyd etmək lazımdır ki, Trezor adlı şirkət bitcoinləri saxlamaq üçün xüsusi cihazlar istehsal etməklə məşğuldur. App Store-dakı axtarış sistemindən istifadə edərək Phillipe adlı şəxs Trezor loqosuna sahib lazımi tətbiqi aşkar edib. Nəticədə o, həmin tətbiqi yükləyib və tətbiqə öz istifadəçi məlumatlarını daxil edib. Lakin sonradan məlum olub ki, yüklənmiş tətbiq əsl Trezor tətbiqinin saxta versiyası imiş. Phillipe isə 17.1 ədəd bitcoinini itirib. Həmin vaxtda sözügedən sayda bitcoinin ümumi dəyəri 600.000$ təşkil edirdi.

Baş vermiş hadisə misalında Phillipe sadəcə olaraq əsl Trezor tətbiqinin vizual görüntüsünü kopyalamış saxta tətbiqin qurbanına çevrilib. Həmin saxta tətbiq isə istifadəçilərdən kriptovalyuta oğurlamaqla məşğul olub. Sözügedən tətbiq App Store yoxlanışından keçən zaman tərtibatçı qeyd edib ki, o, məlumatların şifrələnməsi və istifadəçi şifrələrinin saxlanılması üçün nəzərdə tutulub. Tətbiq uğurla yoxlanışdan keçəndən sonra tərtibatçı onun funksionallığını və təsvirini dəyişib. Baş vermiş hadisədə Phillipe adlı şəxs Apple şirkətini günahlandırır. Lakin onun öz doğruluğunu sübut edə bilib-bilməyəcəyi sual altındadır. Qeyd etmək lazımdır ki, hal hazırda 17.1 ədəd bitccoinin ümumi dəyəri 1 milyon dollar təşkil edir. Sözügedən saxta tətbiqin bu cür dələduzluqla nə qədər vəsait qazandığı barəsində məlumat yoxdur.

Milli.Az