İlon Maskın anası “Yeni çağırışlar”da sualları cavablayacaq

8 Aprel 2021 20:50

"Yeni çağırışlar" onlayn müzakirə proqramının 14 apreldə yayımlanacaq növbəti buraxılışının qonağı bəlli olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, proqramın qonağı yazıçı, beynəlxalq bestseller müəllifi Mey Mask olacaq.

Təhsil Nazirliyinin dəstəyi və "T-Network" platformasının təşkilatçılığı ilə Cəfər Mənsiminin təqdimatında davam edən proqramın bu buraxılışı da həmişə olduğu kimi Təhsil Nazirliyinin feysbuk səhifəsindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

Proqramda qonaq Azərbaycan tamaşaçılarının marağında ola biləcək sualları cavablandıracaq.

Qeyd edək ki, Mey Mask dünyanın ən zəngin ikinci adamı, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskın anasıdır.

Xanım Maskın bestseller olan "Bir qadın plan qurarsa" kitabı 70-dən çox dilə tərcümə edilib. Kitabda o, həyat təcrübəsini, uğur qazanmağın yolları ilə bağlı düşüncələrini, eləcə də övladları İlon Mask, Kimbal Mask və Toska Maskı necə böyütdüyünü, çətinliklərini, uğurlarını və sevinclərini qələmə alır. Bununla, o, insanları, xüsusilə qadınları daha uğurlu, daha inadkar, daha təşəbbüskar və sağlam olmağa səsləyir.

Milli.Az