Yığılması çətin, qiyməti baha - quzuqarnı göbələyi - FOTO

7 Aprel 2021 21:50

Quzuqarnı adlanan göbələyi mart ayının ikinci ongünlüyündən başlayaraq şimal rayonlarının meşəliklərindən toplamaq olar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu göbələyin zəhərlisinə rast gəlinmir. Cəmi 30-35 gün ərzində yetişən quzuqarnını aprelin ortalarınadək yığmaq mümkündür.

Quzuqarnı dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə digər göbələklərdən fərqlənir. Yemək üçün hazırlanması isə çox sadədir. İsti su ilə yuyulub təmizləndikdən sonra yumurta ilə qarışdırılaraq bişirilir. Bundan başqa, çöl şəraitində quzuqarnını şişə çəkib kababını da hazırlamaq olar.

Hər il mart-aprel aylarında Şabran rayonu ərazisində, Gəndob-Yalama yolunun kənarında quzqarnı satanlara rast gəlmək mümkündür. Mövsümün əvvəlində baha qiymətə satılan quzuqarnı hazırda alıcılara kiloqramı 15-25 manata təklif edilir.

Yol kənarında quzuqarnı satışı ilə məşğul olan Ağamalı Qasımov bildirib ki, göbələyin bu növü meşədə, əsasən qovaq ağaclarının altında bitir. Rəngi də yarpaqlardan seçilmir. Bu il mart ayında yağıntı çox olduğundan quzuqarnı da boldur.

Qiymətin baha olması bu göbələyin yığılmasının çətinliyi ilə əlaqədardır. Gün ərzində meşədən maksimum 4-5 kiloqram toplamaq olar. Bununla belə, quzqarnının yığılması olduqca zövqlü məşğuliyyət sayılır.

Milli.Az