Hərbçimiz intihar edib - Rəsmi

6 Aprel 2021 11:21

Martın 29-u Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İsmayılov Əli Arif oğlunun həmin gün odlu silahdan atəş açaraq özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olmuşdur.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən Milli.Az-ın əsgər İsmayılov Əli Arif oğlunun ölüm faktı ilə əlaqədar sorğusuna cavab olaraq bildirilmişdir ki, daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.

Fakt üzrə 29 mart 2021-ci il tarixdə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.

Milli.Az