ABŞ və Çin ötən il bərpaolunan enerjidə rekorda imza atıb

5 Aprel 2021 22:30

Keçən il əsasən Çin və ABŞ investisiyaları ilə bərpaolunan enerji tutumunda rekord göstərici qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi (IRENA) məlumat yayıb.

Bildirilir ki, 2020-ci ildə quraşdırılan bərpaolunan enerji stansiyalarının 82 faizini külək və günəş elektrik stansiyaları təşkil edib. Çinin bərpaolunan enerji gücü 139 QVt artıb.

IRENA-nın baş direktoru Francesco La Camera deyib ki, 2020-ci il çətin bir dövr olsa da, bərpaolunan enerji üçün əhəmiyyətli bir başlanğıc deməkdir. Xərclər azalır, transformasiyanın enerjidəki faydaları isə əvvəllər heç vaxt daha aydın olmamışdı.

Agentliyə görə, karbon emissiyalarının iqlim dəyişikliyinə təsirini azaltmaq üçün bərpaolunan enerji mənbələri 2050-ci ilədək 10 dəfə artmalıdır və ya bu sahəyə illik 4,4 trilyon dollarlıq investisiya tələb olunur.

Dünyanın ən böyük təmiz enerji bazarı, eyni zamanda, atmosferi ən çox çirkləndirən ölkə olan Çin 2020-ci ildə 72 QVt külək enerjisi və 49 QVt günəş enerjisi gücü yaradıb.

ABŞ-da keçən il 29 QVt gücündə bərpaolunan enerji istehsal edən müəssisələr yaradılıb. Bu, 2019-cu ildəki ümumi göstəricinin təxminən 80 faizinə bərabərdir.

Bərpaolunan enerji tutumunun artması fonunda Avropa, Şimali Amerika, Türkiyə və Rusiya kimi ölkələrdə ənənəvi yanacaq istehsalı da azalıb.

Milli.Az