Azərbaycan dünya üzrə vaksini ilk əldə edən ölkələrdən oldu - Deputat

5 Aprel 2021 18:54

Məlum olduğu kimi, COVAX platforması çərçivəsində Azərbyacana 84 min doz vaksin göndərildi. Yaxın gələcəkdə isə Çindən daha 150 min doza vaksin göndəriləcək. Bunlara qədər isə artıq Azərbaycan 2 milyon doza vaksin əldə edib. Vaksinasiya sayına görə ölkəmiz regionda liderdir, bir çox ölkələrdən qabaqdadır.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat bildirib ki, əgər biz dünya üzrə vaksin ələdə etmiş ölkələrin və vaksin vurulmuş insanların statistikasına baxsaq, bunun əyani sübutunu görərik:

"Ölkəmiz həm də vaksini ilk əldə edən ölkələr sırasındadır. COVAX platformasının ədalətsiz yanaşmasını da nəzərə alsaq, düşünürəm ki, Azərbaycanın iri həcmdə vaksin əldə etməsi kifayət qədər böyük uğurdur. Bu, həm ölkəmizin, həm də möhtərəm prezidentin şəxsi nüfuzu nəticəsində baş verib. Hər birimizə məlumdur ki, koronavirusdan qurtulmağın yeganə yolu məhz vaksinasiyadır. Bu virus dünyamıza və gündəlik həyatımıza yeni reallıqlar gətirdi.

Heç şübhəsiz ki, bundan sonrakı dövrdə biz həyatımızı bu reallıqlara uyğun davam etdirəcəyik. Bu reallıqlar isə bizə vaksin olunmağın vacibliyini tövsiyə edir. Vaksinasiyanın kifayət qədər böyük üstünləkləri var. Artıq yuxarıda da qeyd etdiyimiz kimi vaksin virusdan qurtulmağın yeganə yoludur.

Əgər biz vaksin olunma nisbətinə görə dünyada lider mövqedə olan İsarail dövlətinə baxsaq, orada həyatın demək olar ki, tam normala döndüyünü görərik. İnsanlar həyatlarına pandemiyadan əvvəlki dövrdə olduğu kimi davam edirlər".

Deputat əlavə edib ki, bundan başqa, vaksin cəmiyyətdə virusa qarşı ümumi immumitetin yaranmasının da yeganə yoludur:

"Koronavirusun dünya iqtisadiyyatına vurduğu böyük zərəri də nəzərə alsaq, düşünürəm ki, bundan sonrakı dövrdə səyahətlər zamanı bəzi ölkələr koronavirus pasportu tələbini də qoya bilər. Pandemiya yeni başlayan zaman Azərbyacan Prezidenti İlham Əliyev Azərbaycan dövləti üçün ən vacib məsələnin onun vətəndaşlarının sağlamlığının qorunması olduğunu söyləyib.

Azərbaycan dövləti öz daxili imkanları hesabına pandemiyanın zərərlərini minimum həddə endirə bildi. Bundan başqa, bir sıra dövlətlərə və təşkilatlara kömək əlini uzatdı. Eyni zamanda, Azərbaycan dünya üzrə vaksini ən birinci əldə edən ölkələrdən oldu. Əslində, bunlar sadə səslənsə də, kifayət qədər gərgin işin nəticəsidir. Hazırkı dövrdə isə bizim üzərimizə düşən iş vaksinasiya prorsesinə aktiv qoşulmaqdır. Çünki bunsuz həyatımızın normala dönməyi mümkün deyil".

Milli.Az