Onun üçün Vətən anlayışı hər şeydən uca idi - VİDEO - FOTO

5 Aprel 2021 22:40

Qırx dörd gün davam edən Vətən müharibəsində salyanlı həmvətənlərimiz də böyük hünər göstərərək adlarını hərb tariximizə qızıl hərflərlə yazıblar. Tarix yazan qəhrəmanlarımızdan biri də müharibənin odlu-alovlu günlərində sinəsindən qəlpə yarası alaraq şəhid olan mayor Vidadi Əhmədovdur.

Hər kəsin bir həyat hekayəsi var. Kimisi öz hekayəsinin qəhrəmanı olur, kimisi də bütün el-obanın. Şəhid mayor Vidadi Əhmədov da el qəhrəmanı olaraq yaddaşlara köçdü.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Vidadi Əhmədov 1979-cu il iyulun 12-də Salyan şəhərində anadan olub. O, xeyirxahlığı və vətənpərvərliyi ilə tanınırdı. Təkcə doğmalarının yox, ehtiyacı olan hər kəsin yanında idi. Bu sadə və humanist keyfiyyətlərinə görə çox sevilirdi.

Şəhidin həyat yoldaşı Zəhra Əhmədova deyir ki, ailəsi Vidadi ilə həmişə qürur duyub: "Artıq bütün Azərbaycan xalqı onunla fəxr edir. O, şəhidlik zirvəsinə yüksəlib. Vidadi nə qədər ciddi hərbçi olsa da, bir o qədər də mehriban, qayğıkeş ailə başçısı idi. Övladlarının vətənpərvər olmasını istəyirdi. O, ikinci Qarabağ müharibəsində iştirak etdi və torpaqlarımızın azad olunmasında onun da adı var. Ən böyük arzusu Şuşanın azad olunmağını görmək idi. Özü Şuşaya gedib çıxa bilmədi. Onun döyüş yolu o qədər çəkmədi, amma onun dəftərçəsi hazırda Şuşadadır. Hərbçi olmağı ilə həmişə fəxr edirdi".

Mayor Əhmədov Yasəmən və Gül adlı iki qız övladını vətənpərvər böyüdürdü. Onun üçün Vətən anlayışı hər şeydən uca idi. O, müxtəlif illərdə Ali Hərbi Məktəbdə müəllim, Tərtərdə hərbi hissələrdən birində komandirin şəxsi heyətlə iş üzrə müavini olur. 2014-cü il yanvar ayının 1-də 20 il qüsursuz xidmətinə görə ehtiyata buraxılır. Vətən müharibəsi başlayanda sevinci yerə-göyə sığmırdı. Qarabağı azad etmək arzusu ilə könüllü zabit kimi cəbhəyə yollanır. Cəbrayıl və Füzulidə düşmənə sarsıdıcı zərbələr vurur. Elə Füzuli istiqamətində gedən ağır döyüşlərin birində sinəsindən aldığı qəlpə yarasından şəhidlik məqamına ucalır.

Şəhidin qardaşı Xəqani Əhmədov bildirir ki, atası hər ikisini hərb sənətinə yönəltmişdi: "İkimiz də hərbçi idik. Vidadi ikinci Qarabağ müharibəsində könüllü olaraq hərbi komissarlığa gedib adını yazdırdı. O qədər vətənpərvər idi ki, əsgərlərindən irəlidə və əsgərlərini qorumaq məqsədilə özünü, canını fəda verdi, Vətən uğrunda həlak oldu".

Şəhidin bacısı Nuranə Hacıyeva vurğulayır ki, Vidadi uşaqlıqdan mərd, qorxmaz, igid idi. "Mən hər zaman onunla fəxr etmişəm. Bu gün də onun şəhidliyi, o zirvəyə yüksəlməsi ilə qürur duyuram", - deyə o qeyd edib.

Mayor Vidadi Əhmədov ölümündən sonra Ali Baş Komandan tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilib. Salyan şəhərində valideynlərinin məzarı yanında uyuyan şəhid zabit həmişə yad olunur.

Şəhidin qızı Yasəmən Əhmədova atası haqqında danışarkən deyib: "Bizim vətənpərvər vətəndaş olmağımız üçün əlindən gələn hər şeyi edirdi. Düzdür, nə qədər kövrəlsək də onunla fəxr edirik, qürur duyuruq. Prezidentimiz, ordumuz, atam kimi qeyrətli hərbçilərimiz sayəsində indi torpaqlarımız azaddır. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Qarabağ Azərbaycandır!".

Bəli, məhz Vidadi Əhmədov kimi qəhrəman şəhidlərimizin sayəsində bu gün böyük qürur hissi ilə deyə bilirik, Qarabağ Azərbaycandır. İndi Qarabağımızda xarı bülbüllər açır, qaranquşlar, bülbüllər cəh-cəh vurur. Yurdlarından didərgin düşən azərbaycanlılar tezliklə o torpaqlara qayıdacaqlar. Bütün bunlara görə Vidadi kimi qəhrəmanlara borcluyuq.

Milli.Az