Quantanamo həbsxanasında ən məxfi obyektlərdən biri bağlanılıb

5 Aprel 2021 20:50

Quantanamo həbsxanasının ən məxfi obyektlərdən biri olan "7-ci düşərgədə" cəza çəkən bütün dustaqlar digər bloka - "5-ci düşərgəyə" köçürülüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının açıqlamasına görə, "7-ci düşərgənin" bağlanması bütün məhbusları iki obyektdə saxlamağa imkan verəcək.

Məlumatda, həmçinin bildirilir ki, dəyişiklik personalın təhlükəsizliyini təhdid altına almır və məhbuslarla "təhlükəsiz, hüquqi və humanist davranmaq" üçün problem yaratmır. Qurum "7-ci düşərgədə" nə qədər məhbusun saxlanıldığı barədə məlumat verməyib.

Qeyd edək ki, "Camp Platinum" kimi də adlandırılan "7-ci düşərgə" 2006-cı ildə yaradılmış və onun mövcudluğu iki il gizli saxlanılmışdı. Həmin düşərgə "xüsusilə qiymətli məhbuslar üçün" nəzərdə tutulmuşdu. "Associated Press" agentliyinin məlumatına əsasən, hərbçilər hətta uzun müddət ərzində düşərgənin mövcudluğunu etiraf etməmiş və heç vaxt jurnalistləri ora buraxmamışdı.

Milli.Az