"Yeni müharibə yeni itkilər deməkdir" - İrəvan "ayılır"

5 Aprel 2021 12:02

Növbədənkənar parlament seçkilərinə hazırlaşan Ermənistanda revanşistlərlə liberallar arasındakı qarşıdurma daha da kəskinləşir.

Təbii ki, İrəvandakı siyasi təşkilatların və qurumların düşərgələnməsi zahirən mövcud olsa da, onları birləşdirən çox məqamlar var. Qondarma "erməni soyqırımı", Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları, aqressiv radikalizm, şovinizm və ifrat millətçilik ermənilərin istənilən siyasi təşkilatının fəaliyyətinin, habelə idelogiyasının məhvər prinsipləridir.

Lakin son aylardakı hadisələr qismən də olsa, qütbləşməni gerçəkləşdirib.

Bir tərəfdə baş nazir Nikol Paşinyanın "Mənim Addımım" hərəkatı və iqtidardakı siyasi təşkilatı dəstəkləyən qurumlar, digər tərəfdə isə Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq istəyən partiyalar, diaspor təşkilatları və iş adamları var.

Ermənistanın tam məğlubiyyəti və kapitulyasiyası ilə başa çatan 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Paşinyan administrasiyası regional nəqliyyat və infstruktur layihələrinə qatılmağı düşünür, Azərbaycan və Türkiyə ilə sərhədlərdən keçəcək marşrutları müzakirə edir.

Onun əleyhdarları isə bunu xəyanətkarlıq sayır, Paşinyanı "Ermənistanı türklərə satmaq"da suçlayırlar və onu devirməyə çalışırlar.

Baş nazir geri çəkilmək niyyətində deyil. N.Paşinyanın tərəfdarlarısa əvvəlki dövrlərdəki diskutiv mübarizə metodlarının effektiv olmadığını anlayaraq radikallaşıblar. Onlar görürlər ki, Ermənistan müxalifətindəki aqressiv kəsimlə hansısa danışıqlar və ya müzakirələr aparmaq mənasızdır.

İrəvandakı Nor-Zeytun rayon bələdiyyəsinin sədr müavini, "Mənim Addımım"ın qalmaqallı gənc funksionerlərindən olan Saro Manukyan da belə düşünür.

"Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşmasının 100 faizlik tərəfdarıyam. Hansısa yalançı "vətənpərvər"lər sosial şəbəkələrdə yazırlar ki, "erməniyəm, türk düşmənimdir". Sonra da yazırlar ki, əsl erməni heç vaxt ermənilərlə türklər arasında münasibətlərin yaxşılaşmasını istəyə bilməz. Bu adamlara səslənirəm: kimə nəyi sübut etməyə çalışırsınız?! Qonşularla normal yaşamaq, münasibətlər qurmaq, başımıza gələnlərdən dərs çıxarmaq əvəzinə yenə savaş istəyirsiniz. Yeni müharibə yeni itkilər, yeni qurbanlar deməkdir. Kütbeyinlər və cahillər bunu nə zaman anlayacaq?" - S.Manukyan Facebook profilində yazıb.

Orxan Hun
Milli.Az