Rusiya XİN məlumat yaydı: "Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır"

5 Aprel 2021 12:08

2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafına dair fəaliyyət planı ticari-iqtisadi əməkdaşlığın əsasını təşkil edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, fəaliyyət planı ticarətdəki maneələrin aradan qaldırılması, nəqliyyat infrastrukturunun inkişafının təmin olunması, birgə elmi intensiv istehsalatların yaradılması, Azərbaycan iqtisadiyyatının səmərəliliyinin artırılması üçün Rusiya texnologiyalarından istifadə, qarşılıqlı turizm mübadiləsinin artması üzrə beş yol xəritəsini əhatə edir.

2020-ci ilin noyabrında innovasiyalı inkişaf və rəqəmsal iqtisadiyyat sahəsindəki əməkdaşlığa dair yeni altıncı yol xəritəsi imzalanıb.

Bəyanatda bildirilir ki, Rusiya-Azərbaycan əməkdaşlığı bütün istiqamətlər üzrə dayanıqlı inkişaf edir:

"Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır. Bunu ali və yüksək siyasi səviyyələrdəki ikitərəfli təmasların statistikası da təsdiqləyir. Ötən müddət ərzində Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif formatlarda 100-dən çox danışıqlar aparıblar. Hökumət xətti ilə, parlamentlər, profil nazirliklər və qurumlar səviyyəsində aktiv iş aparılır ki, bu da Cənubi Qafqaz və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir".

2021-ci ilin əvvəlindəki vəziyyətə görə, iki ölkə arasında 150-dən çox beynəlxalq hüquqi akt imzalanıb:

"2020-ci ildə Rusiya və Azərbaycan mehriban qonşuluq, qarşılıqlı yardım və bərabərhüquqluluq prinsiplərinə əsaslanaraq COVİD-19-la mübarizədə sıx əməkdaşlıq ediblər. Ölkələrimizin səhiyyə nazirləri, digər profil strukturlarının rəhbərləri daim təmasdadırlar".

Milli.Az