Almaniyada koronavirus peyvəndi olunanlara güzəştlər vəd edilir

5 Aprel 2021 20:15

Almaniyada koronavirusa qarşı peyvənd olunan vətəndaşlar mağazalara qabaqcadan COVID-19 testi etdirmədən gedəcək və karantin qaydalarını gözləmədən səyahət edə biləcəklər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu "Bild am Sonntag" qəzetinə müsahibəsində AFR-in səhiyyə naziri Yens Şpan deyib. "Peyvənd olunanlar mağazalara, yaxud bərbərxanaya testsiz gedə biləcəklər. Həmçinin Robert Kox İnstitutu hesab edir ki, onlara bundan sonra karantinə əməl etmək lazım gəlməyəcək", - deyə nazir bildirib.

Onun sözlərinə görə, qəti qərar Almaniya koronavirusun üçüncü dalğasını keçdikdən sonra qəbul olunacaq.

Hazırda AFR-də qışdakı kimi sərt olmasa da, karantin tətbiq edilir. Məktəblər və uşaq bağçaları, bərbərxana və gözəllik salonları, gül və kitab mağazaları açıqdır. Testsiz yalnız supermarketlərə getmək olar. Məhdudiyyət tədbirləri aprelin 18-dək uzadılıb və çox güman ki, onların sərtləşdiriləcəyi gözlənilir.

Almaniyada indiyədək əhalinin 12 faizi - təxminən 10 milyon nəfər vaksinin bir hissəsini alıb, 4,3 milyon insan isə tam peyvəndlənib.

Milli.Az