Minaların sıxlığı mütəxəssislərə çətinlik yaradır - VİDEO

5 Aprel 2021 10:24

Bəli, hazırda işğaldan azad edilmiş ərazilərimizdə yeganə real təhlükə minalardır. Ermənilərin həmin ərazilərdə basdırdığı minalar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən gecə gündüz demədən təmizlənir. Əməkdaşlarımız Tərtərin işğaldan azad edilən ərazilərində mina təmizləmə əməliyyatlarını  izləyib.

İşğaldan azad edilən torpaqlarda mina təhlükəsi hələ də qalmaqdadır. Anama-nın əməkdaşları bu təhlükəni aradan qaldırmaq üçün ərazidədirlər. Bura Tərtər rayonunun Çaylı və Suqovuşan kəndləridir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, proses müxtəlif üsullarla aparılır. Mütəxəssislər ərazidə xüsusi detektorlar vasitəsilə minaların aşkarlanması işlərini yerinə yetirir. Həmçinin zolaqların açılması üçün uzaqdan idarə olunan mina təmizləmə texnikaları çalışır. Bundan başqa, təmizləmə işlərinə xüsusi təlim keçmiş itlər də cəlb olunur.

Görülən işlər çərçivəsində kəndlərin ərazisində xeyli sayda piyada və tank əleyhinə minalar aşkar edilib.

Mütəxəsislər bildirir  ki, ərazilərdə böyük mina xəttləri aşkar edilib. Hazırda həmin istiqamətdə də təmizləmə işləri görülür. Minalar aldadıcı formada basdırılıb. Demək olar ki, 1 kvadratmetr sahədə  4-5 ədəd minaya rast gəlmək mümkündür.

Mina təmizləmə işləri diqqətlə aparılır ki, geriyə təhlükə qalmasın.

Milli.Az