"Alyans" İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 98-ci doğum günü ilə əlaqədar tədbir keçirilib - FOTO

13 May 2021 21:02

"Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin təşkilatçılığı ilə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 98-ci doğum günü ilə əlaqədar tədbir keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdə Birliyin bir qrup üzvü və Azərbaycan Respublikası Milli Məclisinin deputatları Rauf Əliyev, Nigar Arpadarai və Arzu Nağıyev iştirak etmişlər.

Tədbirin əvvəlində iştirakçılar Mədəniyyət Mərkəzində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

Daha sonra açılış nitqi söyləyən "Alyans" İctimai Birliyinin sədri, 86 yaşlı veteran kəşfiyyatçı polkovnik Şamil Süleymanov Ümummilli Lider haqqında olan xatirələrindən söhbət açıb, o cümlədən onun təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların yetişdirilməsinə və onların peşəkar əməliyyatçı kimi inkişafına göstərdiyi xüsusi qayğısını iştirakçıların diqqətinə çatdırıb.

Çıxışında Ulu Öndərin birbaşa rəhbərliyi ilə keçirilmiş əməliyyat işlərindən də danışan Şamil Süleymanov həmin işlərin bu gün də müstəqil Azərbaycanın mənafeyinə xidmət etdiyini bildirib.

Tədbirdə iştirak edən millət vəkilləri Nigar Arpadarai, Rauf Əliyev və Arzu Nağıyev "Mehdi Hüseynzadə" yubiley medalı ilə təltif olunublar.

Millət vəkilləri bu medala aktiv və səmərəli ictimai-siyasi fəaliyyətə, dövlətçiliyin və ölkəmizin mənafeyinin hər bir sahədə qorunmasına və həmçinin vətənpərvərliyin və milli dəyərlərin təbliğinə görə layiq görülüblər.

Milli.Az