"Əslində, iş görmürdük, kef çəkirdik" - Minsk Qrupu həmsədrinin ETİRAFLARI

1 Aprel 2021 15:56

"Azərbaycanla Ermənistan arasındakı son müharibədən sonra ATƏT-in Minsk Qrupunun taleyi necə olacaq, əvvəlki rolunu oynaya biləcəkmi? Ermənistanın işğal etdiyi əraziləri və Dağlıq Qarabağın bir hissəsini 30 ildən sonra Bakıya qaytaran bu savaş başa çatıb. Minsk Qrupunun gələcəyi ilə bağlı sualın cavabı isə o sualı hansı tərəfə ünvanlayacağınızdan asılıdır".

Təcrübəli amerikalı diplomat, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Riçard Hoqland belə düşünür.

Onun Beynəlxalq Münaqişələrin Tənzimlənməsi Mərkəzinin ( International Conflict Resolution Center, İCR Center) saytında dərc olunmuş "Minsk Qrupunun rolu qalıbmı" (Does the Minsk Group Still Have a Role?) məqaləsi - nə qədər mizantropik səslənsə də - sensasiyalı etiraflar toplusu sayıla bilər.

ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat xidmətinin rəhbəri, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini olmuş Riçard Hoqland sonralar Birləşmiş Ştatların Qazaxıstan, Tacikistan və Türkmənistanda səfiri, Dövlət Departamentində Avropa və Asiya Bürosunun Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə idarənin direktoru və s. vəzifələrdə çalışmış R.Hoqland təcrübəli karyera diplomatı, siyasətçidir.

Onun çalışdığı Minsk Qrupu ilə bağlı məqaləsi sözügedən strukturla bağlı həmsədr ölkələr ABŞ, Fransa və Rusiyanın diplomatlarının indiyədək demədikləri, dillərinə belə, gətirməkdən çəkindikləri gerçəklərin sıralamasıdır.

"İrəvan hesab edir ki, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi üçün ATƏT-in Minsk Qrupu fəaliyyətini davam etdirməlidir. Bakı isə bəyan edir ki, Qarabağ Azərbaycanın ayrılmaz, tərkib hissəsidir və həmişə belə olacaq. Minsk Qrupu lap əvvəldən belə radikal zidd mövqelərlə qarşılaşmışdı və proses prinspial olaraq yerindən tərpənmirdi", - R.Hoqland yazıb.

ATƏT üzvü olan Azərbaycan, Ermənistan, Belarus, Finlyandiya, Almaniya, İtaliya, İsveç və Türkiyədən ibarət Minsk Qrupunun həmsədr ölkələri ABŞ, Rusiya və Fransadır.

Hazırda qrupun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Endryu Şaferdir (ABŞ). Onların rəhbəri isə ATƏT sədrinin şəxsi nümayəndəsi, həmin vəzifəni 1996-cı ildən bəri icra edən Ancey Kapsşikdir.

ABŞ-ın Dövlət Departamentində 30 il çalışandan sonra bu yaxınlarda təqaüdə çıxmış R.Hoqlandın sözlərinə görə, diplomatik fəaliyyəti dönəmində postsovet məkanını müxtəlif ölkələrində çalışdığından Qarabağ münaqişəsi ilə bağlı ümumi təsəvvürlərə malikdi.

"Düzünü desəm, mənə Minsk Qrupunda ABŞ-ı təmsil edəcək həmsədr vəzifəsi təklif olunanda bir qədər tərəddüd etdim. Niyə? Çünki Dövlət Departamentində bu vəzifə karyera inkişafında növbəti mərhələ syılmırdı. Açığını desəm, o vəzifəni həmişə "dayanacaqda olan" diplomat, yəni səfir postuna təyinatını gözləyən şəxs, yaxud da təqaüdə çıxmağa hazırlaşan diplomat tuturdu. Buna rəğmən, amerikalılının nadir hallarda yollandığı Qarabağa getmək imkanı əldə etmək üçün qərarımı açıqladım, dedim ki, razıyam.

COVİD-19 koronavirus pandemiyasına qədər təxminən hər altı həftədən bir səfir Kaspşik və biz, yəni Minsk Qrupunun üç həmsəlri regiona yollanır, Azərbaycanla Ermənistanda ən yüksək çinli rəsmi şəxslərlə görüşürdük. Sonra Ermənistandan Qarabağa, Xankəndinə yollanır, orada tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın rəsmi şəxsləri ilə görüşürdük. Zaman-zaman Moskvaya, Brüsselə və başqa paytaxtlara yollanaraq maraqlı hökumətlərə işimiz və Dağlıq Qarabağ münaqişəsinin durumu barədə məlumatlar verirdik", - məqalədə bildirilir.

R.Hoqland həmsədrlərin "gərgin fəaliyyəti"nin gizli saxlanan məqamlarından belə bəhs edib: "Etiraf edirəm ki, gördüyümüz işlər və o işlərin yerinə yetirilmə forması haqqımızdakı stereotiplərə tam uyğun idi. Beşulduzlu otellərdlə qalırdıq və orada bizə lüks apartamentlər ayrılırdı. Restoranlardan, bardan pulsuz istifadə edirdik. Olduğumuz şəhərlərdə həmişə ən yaxşı restoranları axtarırdıq. Bakı və İrəvanda ATƏT bayrağıın göstərirdik, yaxşı yaşayırdıq. Lakin etiraf edirəm ki, çox az iş gördük".

Hoqland məşhur "Lavrov planı"ndan da yazıb: "Ötən illər ərzində Minsk Qrupu münaqişənin nizamlanması ilə bağlı Madrid prinsiplərini hazırladı. ABŞ-ı təmsil edən həmsədr olduğum dövrdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişənin nizamlanması ilə bağlı öz, mövcud Madrid prinsplərinə çox bənzəyən planını açıqladı. Bu plan dərhal "Lavrov planı" adlandırıldı, halbuki bizə "sadəcə, masaüstü plandır" deyilmişdi.

"Lavrov planı" açıqlananda rusiyalı həmsədr Popovdan soruşdum ki, Bakı və İrəvan güzəştlərə getsələr və planı qəbul etsələr, Kreml gerçəkdən də, planı reallaşdırmağa hazırdır? Onun açıq cavabı belə oldu: "Təbii ki, yox". Beləliklə, anladım ki, Qarabağ münaqişəsi sadəcə, Azərbaycanla Ermənistan arasındakı problem deyil. Bu münaqişə əslində üçtərəfli, Rusiyanın əhəmiyyətli, hətta bəlkə də həlledici rol oynadığı məsələdir. Rusiya münaqişə tərəfi olan ölkələri təsir dairəsində sazlamaq üçün münaqişənin tam həllində maraqlı deyil".

Riçard Hoqland hesab edir ki, Minsk Qrupu bundan sonra da fəaliyyət göstərmək istəyirsə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesinə, nəqliyyat və infrastruktur layihələrinin reallaşmasına qatıla bilər: "Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Avropa Yenidənqurma və Rekonstruksiya Bankının layihələri maliyyələşdirməsini təşkil etmək və koordinasiya etməklə məşğul olmaq mümkündür. Bundan başqa, Qarabağın bərpası və inkişafı ilə bağlı baş plan da hazırlamaq olar. Minsk Qrupu fəal olmalıdır, əks təqdirdə beynəlxalq diplomatiyanın dalanı olaraq qalacaq".

Elçin Alıoğlu
Milli.Az