Qiyamət günündə insanların hesabı hansı dildə aparılacaq və Allah-Taala Öz bəndələri ilə hansı dildə danışacaq?

4 Aprel 2021 20:40

Allah-Taala bütün dillərin yaradıcısıdır və heç bir dil Ona naməlum deyil. Qiyamət günündə insanların hesabının hansı dildə aparılacağı barədə dəqiq məlumat əlimizdə yoxdur. Ola bilər ki, orada sözlər, söhbətlər və hesablar bu dünyaya aid olan dildə yox, başqa bir üsulla aparılacaq. Elə bir üsulla ki, insanların hamısı onu anlayacaq və heç bir anlaşılmazlıq olmayacaq. Çünki axirət aləminin və qiyamət gününün xüsusiyyətləri bu dünyadan fərqli olacaq, bu dünyaya aid olan əksər qaydalar orda keçərli olmayacaq, orada daha üstün və fərqli qaydalar hökm sürəcək, bir çox məhdudiyyətlər aradan qalxacaq. Buna görə də qiyamət gününün dilinin bu dünyaya aid olmayan tam fərqli şəkildə olması mümkündür. Belə bir ehtimal da var ki, qiyamət günündə bütün sözlər ərəb dilində səslənəcək, Qurani-Kərimin mətnində qiyamətə aid olan sorğu-sualların ərəb dilində verilməsi bu ehtimalı qüvvətləndirir. İnsanların əksəriyyəti bu dünyada ərəb dilini bilməsə də, axirət aləmində bu bacarıq onlara veriləcək. Yuxarıda qeyd etdiyimiz kimi, axirət aləminin bu cür xüsusiyyətlərinin olması mümkündür. Ola bilər ki, bütün insanlar həmin gün Allah-Taala və məsumlar tərəfindən gələn nidaları ərəb dilində eşidəcək, anlayacaq və ərəb dilində də cavab verəcəklər. Hər bir halda, qiyamət günündə hamının başa düşəcəyi bir ünsiyyət vasitəsindən istifadə ediləcək.

Milli.Az