Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsi başlayır
28 Aprel 2010 13:13
Milli.Az xəbər verir ki, bu haqda ATƏT-in Bakı ofisinin rəhbəri Səfir Bilge Cankorel keçirdiyi mətbuat konfransında məlumat verib. Onun dediyinə görə, dünyada bir çox dövlətlər insan alveri ilə bağlı problemlə üzləşib: "Deməli daha çox çalışmaq lazımdır. Təkcə sənədlər qəbul etməklə iş bitmir. Bu baxımdan, mən Azərbaycanda insan alverinə qarşı aparılan mübarizədə hökumətin səylərini alqışlayıram".
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Vasili Yujanin dünyada insan alverinə qarşı əsasən 4 istiqamətdə mübarizə aparıldığını dedi: "Bunlar qurbanların müdafiəsi, cinayətlərin qarşısının alınması, cinayətin təşkilatçılarının təqibi və bu istiqamətdə əcnəbi ölkələrlə partnyorluq etməkdən ibarətdir. Azərbaycan hər 4 istiqamət üzrə güclü fəaliyyət göstərir".
Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev mübarizə həfəsi barədə məlumat verdi. Onun sözlərinə görə, 1-3 may tarixlərində Bakının bir sıra mərkəzi yerlərində - Milli park, Dəniz limanı, avtovağzal və s. yerlərdə gəzintilər təşkil olunacaq. Üzərində insan alveri qurbanları üçün yaradılan qaynar xəttin nömrəsi - "152" rəqəmi yazılmış şarlar və bukletlər insanlara paylanılacaq. Anoloji tədbirlər Sumqayıtda və Şirvanda da həyata keçiriləcək. İnsan alverinə qarşı QHT Şəbəkəsinin üzvləri Bakıdan rayonlara gedən avtobusların sərnişinlərinə də belə bukletlər paylayacaqlar.
İnsan alverinə qarşı mübarizə həftəsi mayın 6-da Hyatt otelində keçirilən tədbirlər başa çatacaq.
Fidan
Milli.Az