Ukrayna aprelin 1-dən etibarən ATƏT-in Xüsusi Monitorinq Missiyasının Donbasda fəaliyyətini dayandıracağından narahatdır. Hazırda 2014-cü ilin mart ayından etibarən münaqişə zonasında fəaliyyət göstərən missiyanın səlahiyyət müddətinin uzadılması məsələsi müzakirə olunur. Bu günlərdə bölgədə münaqişənin yenidən alovlanması təhlükəsi yaranıb. Rəsmi Kiyev isə hələ ki bütün məsələləri danışıqlar yolu ilə həll etməyə çalışır.
Milli.Az caliber.az-a istinadən bildirir ki, Ermənistanın bütövlükdə ATƏT-in, eləcə də təşkilatın Ukraynadakı Xüsusi Monitorinq Missiyasının büdcəsinin qəbul edilməsi prosesinə mane olması barədə məlumatlar var.
İrəvan belə bir addım atmaqla təşkilatın nüfuzuna və funksionallığına maddi zərbə vurub. Həmçinin, Kiyevə qarşı düşmən münasibət göstərib.
Eyni zamanda Ukrayna Ali Radası başqa bir problemlə də qarşılaşıb. Belə ki, ATƏT-in Donbasda fəaliyyət göstərən missiyası martın 31-də öz müddətini başa vurur. Bir qayda olaraq, hər il onun fəaliyyəti bir il müddətinə artırılırdı. İndi yenidən qərar verməyin zamanıdır.
Bu yaxınlarda Ukrayna Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar müəyyən problemlərin ortaya çıxdığını bildirib. İş burasındadır ki, ATƏT-in bütün qərarları konsensusla qəbul olunur və hazırda təşkilatda fikir birliyi yoxdur.
Bununla bağlı ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir:
"Aprel ayının əvvəlindən etibarən ATƏT Rusiya-Ukrayna silahlı münaqişəsinin həllinə yardım üçün əsas vasitəsini itirə bilər".
Bununla yanaşı, nazirlik ATƏT missiyası olmadan "təhlükəsizliyin təmin edilməsinə zəmanət verən Minsk razılaşmaları və Normandiya formatında əldə edilmiş razılaşmaların müddəalarının həyata keçirilməsinin kritik şəkildə çətinləşəcəyi" qənaətinə gəlib.
Qeyd edək ki, bir qədər əvvəl Ukrayna ATƏT-in münaqişə bölgəsindəki fəaliyyətini yenidən qurmağı təklif edib. Mövcud mülki müşahidəçilərin əvəzinə, bölgəyə sülhməramlı funksiyaları olan polis patrullarının göndərilə biləcəyi vurğulanıb. Lakin bu ideya dəstəklənməyib. İndi isə Ermənistanın hərəkətləri ucbatından müşahidə missiyası da şübhə altında qalıb.
Xatırladaq ki, Ukraynanın beynəlxalq təşkilatlar yanındakı nümayəndəsi Yevgeni Simbalyuk "Ukrinform"a ATƏT-in Donbasdakı işinin niyə bu qədər vacib olduğunu izah edib.
"Başqa bir missiyamız yoxdur. BMT, AB və ya NATO-nun himayəsində heç bir sülhməramlı missiyamız yoxdur. Bölgədəki beynəlxalq təmsilçi yalnız ATƏT-in Xüsusi Monitorinq Missiyasıdır və bu səbəbdən də onun fəaliyyətinin davam etməsi bizim üçün çox vacibdir", - deyə Y.Simbalyuk bəyan edib.
İndi Ukrayna rəsmiləri Simbalyukun sözlərinə əlavə edərək bildirirlər ki, bölgədəki vəziyyətin kəskinləşməsi fonunda ATƏT-in missiyası olmadan, Rusiya qoşunlarının Ukraynanın nəzarətindən kənar ərazilərə daxil olması mümkündür. Rəsmi Kiyevin mümkün halın əleyhinə olduğunu nəzər alsaq, bu, daha genişmiqyaslı bir qarşıdurmaya səbəb ola bilər.
Milli.Az