Azərbaycanda ailə-məktəb münasibətləri
26 Yanvar 2012 14:47
"Olaylar" qəzeti yazır ki, valideynin uşaqla bağlı qayğıları, məsuliyyəti uşaq dünyaya gələndən başlayır. Digər tələbatları ilə yanaşı, hələ lap kiçik yaşlarından onların öyrənmək, təhsil almaq məsələləri də gündəmdə olur. Övladlarının məktəb həyatına başlaması isə valideynin qayğısını daha da artırır. Valideynlər bütün bu çətinliklərin öhdəsindən gəlmək üçün uşaqlarının keçdikləri bütün proseslərə görə məsuliyyət hissi daşımalı və ən əsası onlara qarşı həssas olmalı, nəzarət funksiyasını yaddan çıxarmamalıdırlar.
Söhbət uşağını gözü önündə saxlayıb, onun bütün hərəkətlərinə qadağa qoymaqdan, hər məqama görə danlamaqdan getmir. Psixoloqların fikrincə, valideyn uşaq öyrənərkən, həyatı kəşf edərkən, təhsil illərində daim öz öhdəliyini hiss etməli, bir növ övladına bilgili həyat dostu olmalıdır. Bəzən övladını məktəbə yola salan valideyn onunla bağlı bütün məsuliyyəti məktəbin daşımalı olduğunu düşünür. Xüsusilə son illərin təcrübəsi göstərir ki, müəllimlərlə valideynlərin müştərək işi, nəzarəti öz müsbət nəticəsini göstərir. Məsələn, orta məktəblərdə fəaliyyət göstərən valideyn-müəllim assosiasiyalarını göstərmək olar. Bu yolla valideynlər məktəbin və dolayısı ilə övladının problemlərindən xəbərdar olur, onların birgə həllinə çalışır. Qarşılıqlı fikir mübadiləsi, müzakirələr aparılır. Valideyn övladının məktəbdə qaşılaşdığı problemlərdən xəbərdar olur.
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifovanın sözlərinə görə, hazırda ölkə üzrə valideyn-müəllim assosiasiyalarının sayı 1300-ə yaxındır. Bakı şəhərində fəaliyyət göstərən məktəblərin isə artıq yarısından çoxunda assosiasiyalar fəaliyyətdədir. Təranə xanım bildirdi ki, qurumların yaradılmasında məqsəd ailə-məktəb münasibətlərini yaxşılaşdırmaq olub ki, buna da nail olunur. Belə ki, bu yolla valideyn təhsilin sifarişçisi və iştirakçısı rolunda çıxış etmiş olur.
Bu qurumlar həm də bir ictimai nəzarət funksiyasını həyata keçirir. Müştərək iş ortaya çıxır. Valideynlərin, müəllimlərin, eyni zamanda şagirdlərin məsuliyyət hissi artır. T.Şərifova daha vacib bir məqama toxundu. Belə ki, valideynin məktəblə bağlı problemlərdə yaxından iştirakı ictimaiyyətdə təhsillə bağlı fikirləri pozitiv istiqamətə yönəldir. Çünki məktəbdə baş verənlər birbaşa hadisələrin içində olmayan valideynin məktəblə bağlı mənfi fikirlər irəli sürməsinə səbəb olur.
Təbii ki, müəllimlər, məktəbdəki vəziyyətlə bağlı evdə müxtəlif xoşagəlməz fikirlərin səsləndirilməsi ilk növbədə uşaqların psixologiyasına mənfi təsir göstərir. Onların məktəbə, müəllimlərə olan inamı azalır. Nəticədə onlar daha asan yolu seçirlər. Onsuz da dərs keçmirlər, bizdən pul yığırlar və s. bəhanələrlə məktəbdən yayınırlar. Yaxşı təhsil ala bilməmələrinin günahını məktəbdə, müəllimlərdə görürlər. Çox zaman valideyn bu işlərdən xəbər tutanda iş-işdən keçmiş olur. Artıq ya problemin öhdəsindən gələ bilmirlər və yaxud da yaranan vəziyyətə belə, etinasız qalırlar.
Təhsil naziri Misir Mərdanov Bakı, İsmayıllı, Lənkəran və digər bölgələrdən 200-dək VMA üzvü olan valideyn, müəllim, məktəb rəhbəri və ictimaiyyət nümayəndəsi ilə keçirilən görüşdə valideyn nəzarətinin əhəmiyyətini vurğuladı və bildirdi ki, son iki ildə valideynlərlə keçirilən görüşlər öz müsbət nəticəsini verir. Nazir cəmiyyətin, valideynlərin təhsildə və tərbiyədə həlledici amil sayıldığını, bu baxımdan ölkədə təhsil siyasətinin düzgün aparılmasında onların fikirlərinin, arzu və təkliflərinin nəzərə alınmasının vacibliyini bildirdi. Bu baxımdan qeyd olunan istiqamətdə valideynlərlə sorğu aparılmasının genişləndirilməsinin vacibliyni də vurğuladı.
Hazırda bir sıra problemlər var ki, məktəb bütün bunlara nəzarəti həyata keçirməkdə aciz qalır. Məsələn, məktəbdə siqaret çəkən uşaq bunu evdə də edir. Bu problemin qarşısının alınması əsasən valideynin öhdəsinə düşür. Çox zaman şagirdlər məktəbdən sonra və ya elə dərs vaxtlarında internet klublarında müxtəlif informasiya resurslarından istifadə edirlər. Təbii ki, bu prosesə müəllimlər nəzarət edə bilməzlər. Və ya valideyn nəzarəti müəllimlərin köməyi olmadan da həyata keçirilə bilməz. Valideynin övladına kor-təbii nəzarət həyata keçirməsi də mümkün deyil.
Rus sektorunda dərs deyən müəllimlərin bəhs etdikləri bir problem də yada düşür. Onların sözlərinə görə, elə hallar olur ki, rus dilində bir kəlmə belə bilməyən valideynlər öz uşaqlarını rus bölməsinə qoyurlar. Bu məsələ müəllimlərin problemlə üzləşməsinə səbəb olur. Uşaq evdə dərs hazırlayarkən ən adi məsələlərdə belə çətinlik çəkir. Bu, rus dili müəllimlərin qarşılaşdığı problemlərdir.
Hazırda təhsildə bir çox yeniliklər, islahatlar həyata keçirilir. İbtidai siniflərdə kurikulum tətbiq olunur. Bu üsül özü yenidir. 10 min müəllim kurikulumun məzmunu ilə tanış edilmək üçün təlimlərə cəlb olunub. Belə bir vəziyyətdə, təbii ki, ibtidai sinifdə təhsil alan uşaqların valideynləri də çətinliklərlə qarşılaşırlar. Uşaqların saysız sualları qarşısında çaş-baş qalırlar. Bu baxımdan müasir dövr valdeynlərindən məsuliyyət, qayğı ilə yanaşı, az da olsa hazırlıq, gündəlik prosesləri izləmək bacarığı tələb olunur. Valideyn-müəllim assosiasiyasının fəaliyəti bu baxımdan da əhəmiyyətlidir. Bu quruma üzv olan valideynlər məktəbdə baş verən bütün proseslərdən xəbərdər olurlar. Hazırda ali məktəblərdə də valideyn-müəllim assosiasiyalarının yaradılması məsələsi gündəmə gətirilir.
Çox zaman ali məktəblərdə gənclər daha ciddi problemlərlə qarşılaşırlar. Dərsə gəlmir, pis vərdişlərə yiyələnir ki, valideyn bundan xəbərsiz qalır. Elə düşünür ki, övladı artıq böyükdür və ali məktəbə gedirsə, məsuliyyt hiss edir. Nəticədə isə problem baş verəndə müəllimləri günahlandırırlar. Bu baxımdan övladı istər orta, istərsə də ali məktəblərdə təhsil alan insanlar özləri də onlarla bərabər bu prosesləri izləməli, aktiv olmalıdırlar. Onların məsuliyyətlərini daha dərindən dərk etmələri üçün isə dəqiqləşmələr aparılmalıdır. Valideyn bilməlidir ki, konkret nələrə görə o, bir valideyn kimi məktəbdən və müəllimdən daha çox məsuliyyət daşıyır. Bu məsuliyyət isə yalnız yeniyetmə və gənclərin, Azərbaycan təhsilinin xeyrinə olar.
Milli.Az