Qazaxıstan Rusiyadan əlavə "Sputnik V" peyvəndi alacaq

24 Mart 2021 21:45

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı zamanı "Sputnik V" peyvəndinin əlavə tədarükü üçün müraciət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər danışıq zamanı 2021-2025-ci ilə qədər iqtisadi əməkdaşlıq proqramını imzalamaq niyyətində olduqlarını da açıqlayıblar.

Dövlət başçıları Qazaxıstan və Rusiya arasındakı ticarət-iqtisadi və hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyətini, habelə Qazaxıstanda rəqəmsal platformanın yaradılması barədə əldə olunan razılığı yüksək qiymətləndiriblər.

Xatırladaq ki, Qazaxıstanın Baş naziri Askar Mamin Rusiyaya səfəri zamanı Rusiyanın "Sputnik V" vaksininin əlavə 4 milyon dozasının tədarükünə dair razılığa gəlib. Fevralın 1-də koronavirusdan kütləvi peyvəndin başlanmasına qədər Qazaxıstana Rusiyadan 22 min vaksinin birinci komponentinin dozaları göndərilib və istifadə olunur.

Milli.Az