YAP sədrinin müavini Koreyanın Baş naziri ilə görüşüb
28 Aprel 2010 12:03
YAP mətbuat xidmətinin məlumatına görə, Koreya Respublikasının Böyük Millət Partiyası "Hannara"nın dəvəti ilə reallaşan səfər çərçivəsində nümayəndə heyəti bu ölkənin Baş naziri Cunq Un-Cunq ilə görüşüb. Görüşdə ölkələrimiz arasında mövcud əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb; enerji, təbii ehtiyatlar, informasiya texnologiyaları, tikinti, nəqliyyat sahələrində əməkdaşlıq imkanları müzakirə edilib: "Əli Əhmədov Azərbaycanda əlverişli investisiya imkanlarına toxunaraq, bunun xarici, o cümlədən, Koreya Respublikasının biznes dairələri üçün də maraqlı olduğunu vurğulayıb. Bu ölkənin iş adamlarının Azərbaycanda xüsusi maraq və rəğbətlə qarşılandığını qeyd edib".
Baş nazir dünyanı bürüyən maliyyə böhranı dövründə Azərbaycanda iqtisadi artımın müşahidə olunduğunu yüksək qiymətləndirib və bu istiqamətdə ölkəmizə yeni uğurlar arzulayıb. Əli Əhmədov Azərbaycanda iqtisadi sahədə yüksəlişin ölkə rəhbərliyinin və Azərbaycan xalqının əzmkarlığı hesabına əldə olunduğunu vurğulayıb. Görüşdə Baş nazir Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə maraqlanıb.
YAP sədrinin müavini münaqişə və onun həlli istiqamətində aparılan danışıqlar haqqında geniş məlumat verib və problemin uzanmasının yalnız iki tərəfin deyil, bütövlükdə bölgənin sosial-iqtisadi inkişafına, o cümlədən regional layihələrin həyata keçirilməsinə mane olduğunu bildirib.
YAP nümayəndə heyətinin səfər müddətində Böyük Millət Partiyası "Hannara"nın rəhbərliyi və bu ölkənin Milli Assambleyasının sədri, Koreya Prezidentinin siyasi məsələlər üzrə baş müşaviri ilə və digər yüksək səviyyəli görüşləri nəzərdə tutulur. Bundan başqa, səfər müddətində iqtidar partiyaları arasında qarşılıqlı anlaşma Memorandumunun imzalanması da planlaşdırılır.