Azərbaycanda gömrük sisteminə işə qəbul zamanı Gömrük Akademiyasının məzunlarına üstünlük veriləcək
25 Yanvar 2012 13:48
Azərbaycanda Gömrük Akademiyası fəaliyyətə başlayandan sonra gömrük sistemində işə qəbul zamanı əsasən bu ali məktəbin məzunlarına üstünlük veriləcək. APA-nın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, yeni ali məktəbin yaradılması gömrük sisteminin yüksək səviyyəli kadrlara tələbatını ödəmək məqsədi daşıyır: "Azərbaycanda gömrük sistemi inkişaf edir və əsas məsələlərdən biri də bu sistemi yüksək səviyyəli peşəkar kadrlarla təmin etməkdir. Bildiyiniz kimi, Bakıda Ümumdünya Gömrük Təşkilatının regional tədris mərkəzi fəaliyyət göstərir. Biz də bu tədris mərkəzinin nəzdində Gömrük Akademiyasının yaradılması təklifi ilə dövlət başçısına müraciət etdik. Bu akademiya gömrük xidməti üçün peşəkar kadrların yetişdirildiyi xüsusi ali məktəb olacaq".
Gömrük Akademiyasının yaradılmasında MDB ölkələrinin, xüsusilə də Rusiya Gömrük Akademiyasının təcrübəsi öyrəniləcək: "Eyni zamanda digər ölkələrin də bu sahədəki təcrübəsini öyrənərək ən müasir və lazımi tələblərə cavab verən Akademiya yaratmaq niyyətindəyik".
A.Əliyevin sözlərinə görə, Gömrük Akademiyasına qəbul adi qaydada - Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə abituriyentlər arasından aparılacaq. Bununla yanaşı, akademiyaya qəbul zamanı qüvvədə olan gömrük qanunvericiliyinə əsasən bəzi tələblər - yaş həddi, sağlamlıq və s. məsələlər nəzərə alınacaq. Akademiyada təhsil müddəti 4 il olacaq və burda yalnız bir fakültə - "Gömrük nəzarətinin təşkili" fakültəsi fəaliyyət göstərəcək.
Yeni Akademiyanın fəaliyyətə başlaması ilə əlaqədar olaraq indiyədək digər universitetlərdə olan gömrük fakültələrinin taleyinə gəlincə, A.Əliyev onların fəaliyyətinin də davam edəcəyini istisna etməyib, amma qeyd edib ki, bu məsələ Təhsil Nazirliyi və həmin ali məktəblərin özü tərəfindən həll ediləcək.
Bununla yanaşı, komitə sədri bildirib ki, yeni ali məktəb fəaliyyətə başlayandan sonra gömrük orqanlarına qəbul zamanı Gömrük Akademiyasının məzunlarına üstünlük veriləcək: "Tələbələr orda 4 il təhsil alacaqlar və biz peşəkar kadr yetişdirəndən sonra onların gömrük sistemində yerləşdirilməsi ilə məşğul olacağıq".
Milli.Az