Qəzalı şəraitdə yaşayan sakinlər üçün yeni bina tikilib - FOTO

18 Mart 2021 11:18

Yevlax şəhərində yeni 9 mərtəbəli yaşayış binası istifadəyə verilib.

Milli.Az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Nizami prospekti 19 saylı ünvanda qəzalı vəziyyətdə olan 10 ədəd barak binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılan vəsait hesabına Yevlax şəhəri Heydər Əliyev prospekti 11 ünvandakı 0,5 ha sahədə 9 mərtəbəli yeni yaşayış binası inşa edilib.

42 ailənin yerləşdiriləcəyi binada 1, 2 və 3 otaqlı mənzillər tam təmirlidir və binanın həyətində müvafiq abadlıq işləri aparılıb.

Bina sakinlərinin elektrik enerjisi ilə dayanıqlı təminatı üçün həyətdə 2 ədəd 630 kv-luq transformator yarımstansiyası və 1 ədəd generator quraşdırılıb, 216 kub metrlik içməli su anbarı tikilib.

Sakinlərin yeni binaya köçürülməsinə yardım məqsədi ilə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən kommunal işçilər ayrılıb, sakinlərə digər lazımı köməklik edilib.

Milli.Az