Nazir müavini: "Erməni vandalizminin miqyası ölçüyəgəlməzdir" - VİDEO

17 Mart 2021 14:46

Erməni vandalizminin miqyası ölçüyə gəlməyəcək qədər dəhşətlidir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə işğala qədər 260,3 min hektara yaxın meşə fondu olub. Bunun 228 min hektarı bilavasitə yaşıllıqlarla örtülü olub. Lakin erməni vandalizmi bu yaşıllıqlardan əsər-əlamət saxlamayıb.

Firdovsi Əliyev bildirib ki, Ermənistanın Azərbaycan çaylarını çirkləndirməsi və meşə fonduna vurduğu zərərlə bağlı beynəlxalq qurumlara müraciət olunacaq. O bildirib ki, Ermənistan zaman-zaman ekologiya ilə bağlı beynəlxalq konvensiyaları pozur.

Nazir müavini vurğulayıb ki, ermənilər işğal dövründə həmin əraziləri minalayıb və bu səbəbdən orada kütləvi tədbirlər keçirilmir. Amma qısa zamanda bu istiqamətdə işlər görüləcək. ANAMA-nın əməkdaşları hazırda ərazidə mütəmadi olaraq minaların təmizlənməsi işlərini davam etdirirlər.

Milli.Az