"Ermənistan Rusiyanın dəstəyi ilə müharibəyə başlamaq üçün yollar axtarır" - Amerikalı ekspert - ÖZƏL MÜSAHİBƏ

15 Mart 2021 10:40

Amerikalı hərbi-siyasi analitik, "Timberwolf Phoenix" media şirkətinin prezidenti Ben Minikin Milli.Az-a müsahibəsini təqdim edirik:

Azərbaycanın II Qarabağ müharibəsində qələbəsinin əsas səbəbi nədir? 

- Azərbaycan ordusunu hərtərəfli şəkildə, daha yaxşı gücləndirirdi. Silahları və döyüş sahəsindəki məlumatları ermənilərdən çox üstün idi. Amma II Qarabağ müharibəsində Azərbaycanın qələbəsinin əsas səbəblərindən biri kimi əsgərlərinin öz torpaqları uğrunda döyüşdüyünü və məhz bu amilin silahlı qüvvələri motivasiya etdiyini düşünürəm.

Ermənistan 10 noyabr bəyanatında Zəngəzur dəhlizi ilə bağlı nəzərədə tutulan müddəanı yerinə yetirməkdən niyə boyun qaçırır?

- Bu, məğlubiyyəti rəsmi şəkildə qəbul etdiklərinə bənzəyir. Atəşkəsin bu müddət ərzində davam etməsi yalnız Rusiya ilə əlaqədardır. Bunu Ermənistan tərəfindən ictimai rəydə davam edən nifrət və düşmənçilik sübut edir. Çox güman ki, Ermənistan yeni bir qüvvə toplamağa və Rusiya silahlı qüvvələrinin dəstəyi ilə münaqişəni davam etdirmək üçün yollar axtarır. Bütün bunlar Ermənistan tərəfindən fandreyzinq (fəaliyyətin təşkil olunması və ya hər hansı bir planın həyata keçirilməsi üçün vəsaitin toplanması) məsələsidir. Diasporlarının topladığı pullarla Ermənistan ikinci əl silahlar alır. Onların bu vaxta kimi bağladıqları bütün razılaşmaları pozma tarixçəsi var.

Azərbaycan Türkiyə Silahlı Qüvvələrinin kiçik modelini hazırlamaq istiqamətində ilk addımları atmağa başlayıb. Fikrinizcə, bu dəyişiklik Azərbaycan Ordusuna necə təsir edəcək?

- Azərbaycan türk tərəfdaşlarını təqlid etsə yaxşı olar. Məlum səbəblərdən canlı qüvvənin sayını daha da çoxalda bilməzlər, ancaq eyni silahlardan (Türkiyə Silahlı Qüvvələrinin istifadə etdiyi silahlar) və təlimlərdən istifadə edərək daha kiçik bir ordu ilə daha güclü ordu modeli formalaşdıra biləcəkdir.

Ermənistan indi müstəqil siyasət yürüdür, Rusiyadan asılıdır, yoxsa Qərbə meyillidir? Hansı Ermənistan üçün daha təhlükəlidir?

- Hər iki halda da (Rusiya və Qərbdən asılı) Ermənistan üçün təhlükəlidir. Hiss edilir ki, erməni tərəfi rus diktəsi altında öz məqsədlərini güdürlər. Qərbin tapşırıqlarını yerinə yetirmələri isə heç bir fayda vermir, çünki müqavilələrə (10 noyabr 2020, 11 yanvar 2021) həqiqətən, əməl etmələri gözlənilir.

Ermənistan xalqı nəsillər boyu örtülmüş siyasi kəfəndən çıxana qədər davamlı özünə zərər verən davranış və məğlubiyyət dövrünə məhkumdur. Onlar davamlı bir nifrət və paranoya (həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıq, psixoloji nasazlıq) vəziyyətində saxlayan sistemi düzəldərək özlərini tapa bilərlər.

Ermənistanın Rusiya dövlət başçısı Vladimir Putinin də imzasi olan üçtərəfli bəyanatı (10 Noyabr bəyanatı) yerinə yetirməmək şansı varmı?

- Ermənistanın bəyanatı həyata keçirməkdən başqa çarəsi yoxdur. İmtina onları Rusiya ilə ziddiyyətə salacaq. Bu, Ermənistan üçün ən yaxşı günlərində belə ödəyə biləcəkləri bir şey deyil.

Təhməz Əsədov
Milli.Az