Mehriban Əfəndi: "O, şıltaq aktrisalardandır" - FOTO
26 Yanvar 2012 09:30
Mehriban Əfəndi Azərbaycan qadınının rəssamlıq bacarığının tarixi, səma ilə bağlılığı, ilham mənbəyi, peşə seçimində valideynləri ilə fikir ayrılığı, fəaliyyətinin Özbəkistan dövrü və s. barədə Milli.Az-a danışdı.
Dosye: Əfəndiyeva Mehriban (Mehriban Əfəndi) Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Yaradıcılığının elə ilk dövrlərindən sürrealist cərəyanının təmsilçisi kimi özünü göstərib. 2005-ci ildə ABŞ-da fərdi sərgisi açılıb. 2010-cu ildə Portuqaliyada Bissaya Bareta Fondunun təşkilatçılığı ilə baş tutan "Sürrealizm bu gün" adlı vernisaja 30 ölkə (56 rəssam) cəlb olunsa da, M.Əfəndinin rəsmlərini görəndən sonra Azərbaycan 31-ci ölkə olaraq müstəsna qaydada layihənin iştirakçısına çevrilib və rəssam "Muğam" əsərini dünya sənətsevərlərinə təqdim edib. Layihənin qaydalarına görə hər bir rəssam heç bir vəsait ödəmədən Portuqaliyada fərdi sərgisini təşkil etmək hüququ qazanıb. M.Əfəndiyə belə bir imkan bu il yaradılıb. 2010-cu ildə M.Əfəndi həm də Bolqarıstanda keçirilən "Radiance" müsabiqəsinin iştirakçısı olan 22 ölkədən 123 rəssam arasında qalibi elan olunub. O, Avropa və Amerika ölkələrində təşkil olunan bir sıra qrup sərgilərinin iştirakçısı olmaqdan savayı Avstraliya və Amerikada fərdi sərgilərini açıb. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilişə hazırlıq şöbəsinin rəhbəridir.
- Qadın və rəssamlıq sənəti. Bu məsələyə "obıvatel" yanaşması o qədər də aydın deyil, inkar arqumenti bir qədər dumanlıdır. Məsələn, rejissor sənətinin daha çox kişi peşəsi hesab olunması ilə haradasa, razılaşmaq mümkündür. Halbuki dünya və Azərbaycan kinematoqrafında qadın rejissorların ən sərt mövzularda mükəmməl ekran əsərləri az deyil. Amma özünü təsdiq etmiş qadın rəssamları barmaqla saymaq olar. Mövzuya sizin yanaşmanızı bilmək istərdik.
- Bu mövzu az işlənib. Dediyiniz kimi, qadının rəssamlıq sənətini seçməyi bizim ölkədə az rast gəlinir. Əslində bunu elə başqa ölkələrdə də görmək olar. Bütün dövrlərdə belə olub. Bu məsələdə qadın-kişi münasibətlərindəki natarazlıqlar da öz rolunu oynayıb. Amma Azərbaycan indi artıq elə bir inkişaf mərhələsinə qədəm qoyub ki, çox tez bir zamanda qadın rəssamların seçimini anlamayan insanların sayı xeyli azalacaq.
İndi qadın rəssamları inkişafa aparan yol daha genişdir. Əslində Azərbaycanda qadın rəssamlar nəslinin vüsət qazanmasına böyük zəmin var - bizdə tikmə işinin ən müxtəlif növlərinin inkişaf etməsini nəzərdən qaçırmaq olmaz. Elə bu zəmin Azərbaycan qadınının rəssamlıqla peşəkar şəkildə məşğul olmasını qeyri-məqbul saymağın əksini göstərir. Çünki bizim qadınlar tarix boyu incə zövqə, gözəl əl qabiliyyətinə, işgüzarlıq kimi keyfiyyətlərə malik olublar. XIX əsrin sonları, XX əsrin əvvəllərində qızların kütləvi şəkildə təhsil almasına şərait yaranması isə klassik rəssamlıq məktəbinin Azərbaycan qadınlarından da ibarət olan nəslini yetişdirdi. Vəcihə Səmədova, Maral Rəhmanzadə kimi ustadlarımız meydana gəldi. Bəli, qadının həm ömür-gün yoldaşı, həm ana, həm də rəssam olması heç də asan deyil. Mənə də həmişə deyirdilər ki, ailə qursan, sənin üçün çətin olacaq. Məncə, məsələ kişi və ya qadın olmaqda yox, şəxsiyyət olmaqdadır. Məgər yaradıcı potensialını üzə çıxarmaq üçün istədiyi durumu, ovqatı tapmayan kişi rəssamlar azdır? Axı sənət adamı olmaq üçün təkcə istedad kifayət etmir, mütləq öz üzərində də işləməlisən.
- Rəssamlığa meylinizin olmasını ilk dəfə necə kəşf etdiniz?
- Çox erkən yaşlarımdan səma ilə bağlılığım olub. Sonralar meditasiya, spiritual elmlərlə məşğul olanlardan eşitdim ki, dünyanı qavrayıb, bu şəkildə ifadə etmək bacarığı artıq o zaman mənə vergi olaraq verilibmiş. Həqiqətən də, görünür mən həmişə Tanrının, mələklərin bizim dünyaya təsirini, başqa dünyaların varlığını şüuraltı olaraq hiss etmişəm. Təbii ki, mən özümü onunla müqayisə etmirəm, amma, da Vinçinin də yaradıcılığında belə məqamlar böyük yer tutur. Elə insanlar var ki, Tanrının, mələklərin bizim dünyaya təsirini görməməzliyə vururlar. Onlar başa düşmürlər ki, biz öz davranışımızla özümüzə tale yazırıq.
Dünyada ən böyük təhlükə insanın öz fikirləridir. Məndən soruşanda ki, nədən ilham alırsan, sənin üçün ilhamverici qüvvə nədir, həmişə cavab vermişəm ki, ilhamı insanlara sevgidən, yaşamaq həvəsindən, pozitiv olan hər şeydən alıram. Bütün bunlar rəsmlərimə aşılanır və yenidən onlara tamaşa edənlərə qayıdır. Anam heç istəmirdi ki, mən rəssam olum. Amma mən o insanlardanam ki, qapı olmayan yerdə pəncərə açmağa çalışıram. O vaxt valideynlərimə dedim ki, onsuz da mən başqa sahə üzrə təhsil alsam da, həmişə otağımda molbert olacaq.
Valideynlərimə çox minnətdəram. Doğrudur, mənim rəssamlığa həvəsimə şərait yaratmasalar da, ingilis dilini mükəmməl öyrənməyimi təmin etmələri, məni musiqi məktəbinə vermələri - sonradan aşkar oldu ki, musiqi istedadım yoxdur - ümumiyyətlə, evdəki ab-hava bacarığımın düzgün inkişafında böyük rol oynayıb.
Rəsm çəkməyə 10-11 yaşlarımdan başlamışam. Gələcək rəssam kimi heç bir ilkin hazırlıq dövrü keçməmişəm. Nə rəsm dərnəyinə getmişəm, nə də hansısa rəssamdan məsləhətlər almışam. Amma bir gün atam gördü ki, rəssamlığa marağım ötəri həvəs deyilmiş, məni Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə gətirdi. Ora isə o vaxt qəbul çox ciddi idi - əvvəlcə gərək mütləq hazırlıq mərhələsini keçəydin. Atama dedilər ki, bu qız üçün bura qəbul olmaq da, oxumaq da çox çətin olacaq. Amma mən müəllimlərə də, valideynlərimə də söz verdim ki, "5"-dən başqa qiymətim olmayacaq. Çəkdiklərimə baxanda müəllimlər heyranlıqlarını gizlətmədilər. Yalnız onu dedilər ki, bunları, bu cür çəkməyi hələlik unutmalısan, çünki əvvəlcə klassik rəssamlığın əsaslarına yiyələnməlisən. Sözümə isə əməl etdim - yalnız "əla" qiymətlərlə oxudum.
- Bəs necə oldu ki, fəaliyyətinizin böyük hissəsi məhz kino rəssamlığı ilə bağlandı?
- "Əzimzadə"də dördillik təhsili başa çatdırmamış, artıq üçüncü kursda "Soyuzmultfilm"in ikiillik kurslarında oxumaq üçün seçilən on nəfərdən biri də mən oldum. Müəllimimiz Arsentyev deyirdi ki, sənin öz yolun, özünün "prorisovkan" var. Həmin on nəfər indi dünyanın bir çox ölkələrinin studiyalarında peşəkar multiplikasiyaçı kimi çalışır. Mənim üçün də belə bir imkan yaranmışdı - elə "Soyuzmultfilmin" kurslarında oxuduğum illərdə "Disney" studiyasından təklif almışdım. Təhsilimi bitirəndən sonra kinoda bir neçə işim oldu.
Ümumiyyətlə, kino mənə yad sahə deyil - Əlisəttar Atakişiyev babamın bibisi oğlu olduğu üçün bu sənətlə nisbətən daha yaxından tanışlığım uşaq vaxtlarımda baş tutub. Kino rəssamı kimi ilk işim Fərid Hümbətovun "Kənar adamlar" filmində oldu. Sonra Hafiz Fətullayevin baş rəssam olduğu Gülbəniz Əzimzadənin "Sənin oduna yanaram" filminə dəvət olundum. Həmin filmdə birgə işləməyimizin sayəsində Hafiz Fətullayev məni "Özbəkfilm"də çəkilən "Qırmızı qatar" filminin yaradıcı heyətinə təqdim etdi. O filmə böyük vəsait qoyulmuşdu, süjeti qeyri-standart ssenari üzrə inkişaf edirdi, çox böyük uğur qazana bilərdi. Hətta hələ çəkiliş prosesi bitməmiş bir neçə beynəlxalq kinofestivala dəvət də almışdı. Amma xronometrajı uzandığı üçün filmin kinematoqrafik keyfiyyətləri uduzdu.
Bununla belə, mənim üçün bu filmdə işləmək bir çox cəhətlərdən uğurlu oldu. Əvvəla, bir rəssam kimi işim bəyənildiyi üçün filmdə istifadə olunan əlbisələri tikən moda firmasının rəhbəri krım tatarı Məryəm Yakubovna Özbəkistandan köçməyə hazırlaşdığı üçün firmanı mənə həvalə etmək istəyirdi. O filmdə çəkilən Matlyuba Alimova, hamı onu "Qaraçı" filmindəki Nastya rolundan tanıyır, şıltaq aktrisalardandır. Məni də əvvəlcə heç qəbul etmək istəmirdi. Açıq-açığına deyirdi ki, bu cavan qız axı nə bacara bilər? Bir dəfə isə dedi ki, özbəklərlə azərbaycanlılar qardaş millətdirlər, bu, öz yerində, amma səninlə mərc kəsirəm ki, məni qane etməyəcəksən. Mən də dedim ki, ona hələ baxarıq, amma mən də şərt qoyuram ki, mənim eskizlərimlə tikilmiş paltarları əyninizdə yoxlamaqdan boyun qaçırmayacaqsınız. Beləliklə, razılaşdıq. Sözünə əməl etdi - bütün "primerkalar"a vaxtlı-vaxtında gəlirdi. Bu mərcdə mənim, belə demək mümkünsə, qələbəmin önəmi o oldu ki, Matlyuba Alimova kimi "kapriz"li, hətta bir qədər təşəxxüslü aktrisa həmin libasları o qədər bəyənmişdi ki, onların ütülənməsini kostyumçuya etibar etmirdi, özü ütüləyirdi. Mənim birinci fərdi sərgimin baş tutması da Özbəkistandakı fəaliyyətimlə,"Qırmızı qatar" filmi ilə bağlıdır. Sərgimi isə 97-ci ildə Daşkənddə ənənəvi olaraq keçirilən XII kinofestival çərçivəsində təşkil etdilər. Hətta oranın xalq rəssamları qısqanırdılar ki, onların yox, Azərbaycandan gəlmiş gənc bir qızın rəsmlərinin fərdi sərgisi təşkil olunub. Koreyada şəxsi qalereyamı açmaq şansı da həmin vaxt yaranmışdı.
- Ölkə xaricində karyera qurmaq üçün bu qədər şans yarandığı halda nəyə görə heç birindən faydalanmamısınız?
- Müasir sənət adamı dünyaya açıq olmalıdır, beynəlxalq layihələrin, xarici ölkələrdə təşkil olunan sərgilərin iştirakçısı olmağın müsbət tərəflərini qeyd etmək məncə artıqdır. Həm yaradıcılıq baxımından, həm də digər cəhətlərdən. Məsələn, mənim saytım Amerikada fərdi sərgim keçirilən dövrdə açıldı. İndi üzərində yenidən iş gedir, tezliklə istifadə oluna biləcək. Biz müasir dövrün rəssamları olduğumuzu unutmamalıyıq. İndi kompyuter rəssamlığına maraq çox böyükdür. Klassik rəssamlıq sənətinin hər zaman dəyərdə olduğunu işimizlə sübut etməliyik, təəccübləndirməyi bacarmalıyıq.
Mən həmişə istəmişəm ki, yaradıcılıq fəaliyyətim Azərbaycanla bağlı olsun, dünya məni Azərbaycanın təmsilçisi kimi tanısın. O yerdə ki Azərbaycanın adı yoxdur, mən də yoxam. Qürurum və qüvvəm Azərbaycan sözüdür. Ona görə də mən buranı seçdim.
- Peşman olduğunuz məqam heç olmayıb?
- Yox, qətiyyən. Doğrudur, burada kommersiya işlərim axsamağa başladı, məsələn, Moda evimi açmaq istəyirdim, alınmadı, əvəzində beynəlxalq festivallarda mükafatlara layiq görülən filmlərin rəssamı kimi çox maraqlı işlərim oldu. Hüseyn Mehdiyevin "Özgə vaxt", Rasim Ocaqovun "Otel otağı" (Rasim müəllim "Məhkumlar" filmini də çəkməliydi, heyif ki, ömrü vəfa etmədi) və s.
İndi "Azərbaycanfilm" böyük yeniliklər ərəfəsindədir. Daha doğrusu, bu yeniliklər artıq başlayıb, biz də bundan çox ruhlanırıq. Yeni direktorumuz Müşfiq Hətəmov cavan və müasir düşüncəli insandır, ona inanırıq.
- Əsərlərinizin satışından necə, razısınızmı?
- Hər əsəri satmıram. Həm onlardan ayrılmaq mənim üçün çətindir, həm də bir sərgi açmaq imkanı yarananda, ya da bir layihəyə cəlb olunanda əliboş qalmaq istəmirəm. Layihələrdə, sərgilərdə də götür-qoy edəndən sonra iştirak edirəm. Təbii ki, şəxsi kolleksiyalarda saxlanılan, müxtəlif obyektlərin interyerini bəzəyən rəsmlərim az deyil.
- İşləmək həvəsinizə, intensivliyə vaxtın təsiri var?
- Elə olur ki, üç günə çəkib qurtarıram. Əslində tez çəkib qurtarmaq istəmirəm, çünki prosesdən həzz alıram. Bir vaxtlar axşamlar mütləq işləməliydim. Amma təbii ki, rənglərin çalarlarını görməkdə rəssam üçün ən yaxşısı təbii işıqda işləməkdir. Hər bir rəngin simvolu var, hərəsi bir orqana təsir edir. Sənət adamı üçün əsas odur ki, heç kimin təsiri altına düşməsin. Özümlülüyünün olması üçün özün olmalısan. Seçim variantının, imkanının olduğunu unutmamalısan. Əslində qadınlarda bu qüvvə çox güclüdür, enerjimiz böyükdür. Bu enerjinin təzahürünə qarşı çıxmaq lazım deyil.
Samirə Behbudqızı
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.