"Bavariya" UEFA Çempionlar Liqasının finalında! - VİDEO
28 Aprel 2010 09:09
Fransanın "Lion" klubu UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Bavariya"ya 0:3 hesabı ilə məğlub olub. Beləliklə, Almaniya klubu Avropanın ən nüfuzlu klub turnirinin finalına vəsiqə qazanıb.
Oyundakı qolların hamısını "Bavariya"nın xorvatiyalı hücumçusu İviç Oliç vurub. O, 26-cı dəqiqədə topu Diyeqo Kontentodan qəbul edib və "Lion"un qapısından ilk qolu keçirib. 67-ci diqəqədə İviç Oliç rəqib qapıçının qapıdan çıxmasından istifadə edərək qapının uzaq küncünü, 78-ci dəqiqədə isə yaxın küncünü dəqiqliklə nişan alıb.
Aprelin 21-də keçirilən ilk qarşılaşmada "Bavariya" öz meydanında 1:0 hesabı ilə qalib gəlmişdi. Almaniya kllubunun finaldakı rəqibi bu gün keçiriləcək "Barselona"-"İnter" oyununda müəyyənləşəcək. İlk yarımfinal qarşılaşmasında "İnter" 3:1 hesabı ilə qələbə qazanmışdı.