"Baydenin Putinə nifrəti: Rusiyanı bu yolla çökdürəcək" - Politoloq - VİDEO

10 Mart 2021 16:35

ABŞ-da Bayden administrasiyası hakimiyyətə gəldiyi zaman Rusiyaya qarşı tamamilə fərqli mövqe tutacağı bəlLi idi. Çünki Trampdan fərqli olaraq Bayden və onun tərəfdarlarının Rusiya və Rusiya tipli ölkələrə ideoloji nifrətləri var. Bayden hələ Barak Obamanın dövründə Rusiya ilə açıq düşmənçilik edirdi. 

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə müsahibəsində siyasi analtik Turab Rzayev deyib. O bildirib ki, ABŞ Rusiyaya qarşı bir neçə istiqamətdə sanksiya tətbiq edəcək:

"Bunlardan biri hər zamankı kimi hüquqi və iqtisadi sanksiyalardır. Bundan başqa Navalnın həbsi ilə əlaqədar sanksiyalar paketi həm Avropa İttifaqında, həm də ABŞ-da gündəmdədir. Rusiya üçün gözlənilən ən pis sanksiya isə bu ölkənin SWIFT beynəlxalq ödəmə sistemindən çıxarılması ola bilər. Düzdür, Rusiya bir neçə dəfə bunun ,"müharibə elan edilməsi" demək olduğunu bildirmişdi və əvvəllər də buna görə ABŞ-ı təhdid etmişdi".

Ekspert onu da qeyd edib ki, Rusiyanı zəiflətmək və ona qarşı mübarizə aparmaq üçün əsas istifadə olunacaq yol, bu ölkənin perimetri boyunca düzülmüş ölkələrdə siyasi qeyri-stabilliyin yaradılmasıdır:
"Belarusda, Moldovada, Cənubi Qafqazda, Ukraynada və mümkün olduqda isə Orta Asiyada yeni iğtişaşlar və etiraz aksiyaları gözləyə bilərik. Bu aksiyalar Rusiya ilə ittifaqda olan rəhbərlərə və ya özünə qarşı ola bilər".

Turab Rzayev bildirib ki, Rusiyanın Avropa İttifaqına və ABŞ-a qarşı hansısa iqtisadi və ya siyasi əks addım atmaq imkanı məhduddur:
"ABŞ sanksiyalarla Rusiya iqtisadiyyatını çökdürə bilər, lakin Rusiyanın bunu edəcək iqtisadi-siyasi alətləri yox dərəcəsindədir. Rusiyanın onları təhdid edə biləcək gücü yalnız hərbi gücdür. 
Lakin Qarabağ müharibəsində Rusiyanın hərbi gücünün dünyanın təsəvvür etdiyi kimi, böyük olmadığı göründü".

Milli.Az