"Paşinyanı Ermənistan ordusu belə devirə bilməz" - VİDEO

10 Mart 2021 16:13

Ermənistanda ordu belə ayağa qalxsa, Nikol Paşinyanı devirə bilməzlər.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə müsahibəsində siyasi şərhçi Əhməd Əlili deyib. 

İrəvanda baş verən proseslərə Türkiyə və Azərbaycan tərəfinin verdiyi reaksiyaların da təsir etdiyini qeyd edən Əhməd Əlili bildirib ki, hazırda düşmən ölkədə siyasi böhrandan da dərin böhran yaşanır:
"Bu ölkədə bəşər tarixinin ən qəribə hərbi çevrilişə cəhdi baş verdi. Erməni ordusunun, yəni əli silahlı insanların bəyanat verərək, siyasi proseslərə qoşulması, hadisələri qəribə istiqamətə yönəltdi. Bu, o deməkdir ki, Ermənistanda hər hansı ordu yoxdur və ordu generallardan ibarət klubdur.

II Qarabağ müharibəsindən sonra baş verən proseslər Ermənistan ordusunu elə hala salıb ki, ordu Nikol Paşinyanın səlahiyyətlərini belə əlindən ala bilmir. Bütün bunlar onu göstərdi ki, ordunun özü də ayağa qalxsa, Paşinyanı devirmək müəyyən qədər mümkünsüzdür. Bu, xüsusilə mitinqlərlə heç mümkün deyil. Bundan başqa proseslərin gedişatında Ermənistan müxalifətində siyasi savad kasadlığı ciddi formada göründü".

Ekspert onu da qeyd edib ki, Ermənistan Prezidenti Armen Sarkisyanın Baş Qərargah rəisi Onik Qasparyanla bağlı qərarı imzalamaması və müəyyən müstəqillik nümayiş etdirməsi ermənilər arasında ona müsbət xal qazandırıb və bunun nəticəsində müxalif lideri Vazgen Manukyanla müqayisədə Armen Sarkisyanın nüfuzu daha da artıb.

Milli.Az