"BP bu tarixdən neft-qaz layihələrini reallaşdırmayacaq" - Vitse-prezident - VİDEO

10 Mart 2021 16:02

İlin ikinci yarasında neftin qiyməti ilə bağlı proqnozlar kifayət qədər müsbətdir. Hazırda isə bugünkü reallıqla çıxış etsək, hesab edirəm ki, neftin barelinin 60-80 dollar koridorunda olması real görünür. 

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə müsahibəsində BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O bildirib ki, qiymətə təsir edən faktorlar çox olduğu üçün bununla bağlı uzunmüddətli proqnozlar vermək mümkün deyil: "Neftin qiymətinə təsir edən faktorlar çoxdur və onların heç biri dayanıqlı deyil. Bu səbəbdən qiymətlə bağlı uzunmüddətli proqnozlar vermək mümkün deyil. İlin ikinci yarısında qiymətin ortalama olaraq 75-80 dollar civarında qalması proqnozlaşdırılır. Hətta 100 dollar və ondan yuxarı qalxacağı ilə bağlı fikirlər də var. Müəyyən təxminlər əsasında bu proqnozlar verilir". 

B. Aslanbəyli dünyada neft və qaza tələbatın azalması planlaşdırıldığı üçün BP-nin 10-15 il sonra bu sahədə yeni layihələri reallaşdırmayacağını bildirib: "Müəyyən dövrdən sonra dünya bazarında  neft və qazın əhəmiyyəti bugünkü kimi olmayacaq. 10-15 il sonra neftə tələbat pik nöqtəyə çatdıqdan sonra azalmağa doğru gedəcək. Növbəti 10 il böyük neft-qaz şirkətlərində, o cümlədən BP şirkətində transformasiya ili olacaq. Hazırkı layihələr reallaşdırılacaq və neft-qaz sahəsində olan yeni layihələrə başlanılmayacaq. Bu layihələri alternativ və bərpa olunan enerji sahəsindəki layihələrlə əvəzləyəcək".

Milli.Az