"Təhsil Nazirliyinin bu idarəsinin fəaliyyəti araşdırılmalıdır" - Ekspert - VİDEO

10 Mart 2021 15:56

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi direktorların işə qəbul imtahanı daxil olmaqla keçirdiyi elektron imtahanlarda çox ciddi nöqsanlara yol verir.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişində təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, direktorların işə qəbul imtahanın təxirə salınması imtahan iştirakçılarının hüquqlarının pozulmasıdır:

"Təhsil Nazirliyi müəllimlərin, direktorların işə qəbul və yer dəyişməsində, tələbələrin transferində və digər elektron xidmətlərdə onların yol verdiyi texniki problemləri bağışlamır, amma özü isə imtahan prosesində yaranan problemlərə görə üzr istəməklə işi bitmiş hesab edir.

Direktorların işə qəbul imtahanının texniki nasazlığa görə təxirə salınması imtahan iştirakçılarının hüquqlarının pozulması deməkdir. Bundan başqa imtahanda iştirak etmək istəyən şəxslər COVİD-19 testi vermişdilər. Belə çıxır ki, onlar nazirlikdəki texniki nasazlığı görə yenidən test verməlidir".

Kamran Əsədov onu da qeyd edib ki, sözügedən imtahanların keçirilməsi üçün dövlət büdcəsindən pul ayrılsa da, onlar təyinatı üzrə istifadə edilmir:
"İmtahanda istifadə olunan test tapşırıqları əvvəlki illərdə istifadə olunan testlərdir. Halbuki, Təhsil Nazirliyi imtahanların keçirilməsi üçün dövlət büdcəsindən pul alır. Hesab edirəm ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin fəaliyyətinin araşdırılmasına ehtiyac var". 

Milli.Az