Günün təamı - "Korovka" - FOTO

25 Yanvar 2012 07:00
Yağlı "Korovka"

Tərkibi:

2 st. yulaf lopası
1,5 st. un
1 st. qəhvəyi şəkər tozu
1 ç. q. soda
0,5 ç.q. duz
1 st. ərinmiş yağ
400 q iris-karamel "Toffi"
0,25 st. su
1 st. qoz
150 q şokolad yonqarı və ya şokolad

Sobanı 180 dərəcə qızdırın. Təxminən 22x33 sm ölçüdə sininin içinə folqa döşəyin, üzərinə yağ çəkin.
Bir camın içində yulaf lopalarını (rusca bu "овсяные хлопья" adlanır), un, şəkər tozu, soda və duzu qarışdırın. Sonra yağ əlavə edib yenə qarışdırın. Ovxalanan xəmir alınacaq.  
Təxminən 1 stəkan həcmində xəmiri ayırıb bir kənara qoyun. Qalan xəmiri isə sininin dibinə yayın, əlinizlə azca yastılayın, 10 dəqiqəliyə sobaya qoyun.

Konfetlərin kağızını soyun, qazançaya qoyub üzərinə su tökün. Vam ocağın üzərinə qoyun. Qarışdıraraq, konfetlər tam əriyənədək bişirin. Konfetlərin əvəzinə bişirilmiş qatı süd istifadə etmək olar.
Sobadakı korju çıxarın.
Onun üzərinə xırdalanmış qoz səpin. Sonra şokolad yonqarlarını, olmasa, sadəcə şokolad plitəsini xırdalayaraq bərabər qaydada bunun üzərinə səpin. Üzərinə isə əritdiyiniz karamelləri tökün. Kənara ayırıb qoyduğunuz xəmiri əlinizlə ovub sinidəki yarımfabrikatın üzərinə səpin.

Yenidən sinini sobaya qoyun, peçenyeni 15-18 dəqiqə bişirin. 5-10 dəqiqə də sobada saxlayandan sonra folqayla birlikdə çıxarın. Soyudun. Sonra isə doğrayın.

Böyütmək üçün şəkillərə klikləyin.









"Korovka" peçenyesi

Tərkibi:

16 ədəd "Korovka" konfeti
50 q kərə yağı
50 q süd
1/4 ç.q. qabartma tozu
un
1 ovuc fıstıq
1 yumurta
50 q şəkər tozu

Konfetləri süd və yağla birlikdə əridin. Şəkər tozunu yumurta ilə çalın, qarışdıra-qarışdıra əritdiyiniz konfetləri oraya əlavə edin. qabartma tozu və un əlavə edin. Xəmirin qatılığı qatı xama kimi olmalıdır.
Yağlanmış xırda formaların içinə (məsələn, balıqqulağı formasında) 3 ədəd fıstıq qoyun, üzərinə isə xəmiri tökün.
180 dərəcə qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin (kibrit və ya diş çöpüylə bişib-bişmədiyini yoxlayın).

Böyütmək üçün şəklə klikləyin.



Kəsmikli "Korovka" piroqu

Tərkibi:

xəmir üçün:
200 q marqarin
150 q şəkər tozu
1 yumurta
350 q un
1 paket qabartma tozu
2 x.q. kakao
sous üçün:
1 st. qatıq
150 q şəkər tozu
4 yumurta
500 q kəsmik
1 paket vanil
1,5 x.q. kartof nişastası

Kəsmiyi sürtgəcdən keçirin ki, lopalar qalmasın. Sonra sous üçün göstərilmiş digər ərzaqları əlavə edib yaxşıca qarışdırın.  
Xəmir üçün yumşaldılmış marqarinə şəkər tozu əlavə edib ağarınca çalın.  Sonra xəmir üçün olan digər ərzaqları əlavə edib yumşaq xəmir yoğurun. Tennis topu boyda xəmiri ayırıb soyuducuya qoyun.
  
Təxminən 28 sm diametri olan sininin içinə xəmiri yayın. Üzərinə sousu tökün. Soyuducudakı xəmiri çıxarıb yayın, ondan hissələr qoparıb sinidəki sousun üstünə adda-budda düzün (sanki inəyin üstündəki xallar kimi). Piroqu əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 60-70 dəqiqə bişirin.     

Böyütmək üçün şəkillərə klikləyin.



















Nuş olsun!

Milli.Az