Mariya Stadnik: “İldə yalnız bir gün qadın kimi xatırlanmağı sevmirəm” - MÜSAHİBƏ - FOTO

8 Mart 2021 17:26

"Qadın hara, idman hara" düşüncəsində olan insanların yanlış fikrə qapıldığının ən yaxşı nümunəsi kimi onu göstərmək olar.

Əslən ukraynalı olsa da, milliləşdirilən saysız-hesabsız idmançılar arasında, şübhəsiz ki, ən yaxşısıdır. Qatıldığı əksər yarışlarda qazandığı medallarla Azərbaycan bayrağını dalğalandırır, himnini səsləndirir.

Dəfələrlə Avropa və dünya çempionu olmasına, Avropa Oyunlarını, İslam Həmrəyliyi Oyunlarını qazanmasına, Yay Olimpiya Oyunlarında gümüş və bürünc medala layiq görülməsinə baxmayaraq, titullarından çox sadəliyi, təvazökarlığı ilə azarkeşlərin sevimlisinə çevrilib.

O, şübhəsiz ki, 8 Mart Beynəlxalq Qadınlar Günündə tribuna almağa ən layiqli xanım idmançılarımızdandır. Söhbət Azərbaycanın ən titullu idmançılarından olan qadın güləşçimiz Mariya Stadnikdən gedir. Milli.Az xəbər verir ki, ən böyük hədəfi bu yay Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq olan 32 yaşlı Stadnik 8 Mart bayramı ilə əlaqədar apasport.az saytının ünvanladığı 8 sualı cavablandırıb.

- 8 Mart sizin üçün nə deməkdir və təqviminizdə harada yer alır?
- Heç bir məna kəsb etmir, adi günlərdən biridir. İldə yalnız bir gün qadın kimi xatırlanmalı olduğumu sevmirəm. Mənim üçün həmişə münasibət daha önəmli olub. Əgər bu yalnız bayramda baş verirsə, heç bir əhəmiyyət kəsb etmir. Çünki 8 mart adi gündür.

- 8 Martda sizin üçün ən dəyərli hədiyyə nə olub və kimdən, nə vaxt almısınız?
- Keçən il uşaqların öz əlləri ilə düzəltdikləri kartpostal.

- 8 Mart günündə təlim-məşq toplanışında və ya hansısa turnirdə olduğunuz an olub?
- Düzü, xatırlamıram. Çünki bu bayramı qeyd etmirəm.

- Ümumiyyətlə, heç yerdə qeyd etmirsiz?
- Evdə qeyd etməyi xoşlayıram.

- Daim toplanışlarda və yarışlarda olursunuz. 8 Martı özünüzü xanım kimi hiss etməyiniz baxımından da xüsusi hesab etmirsiniz?
- Bəli, ola bilər.

- Azərbaycanın ən titullu idmançılarından birisiniz, milyonlarla pərəstişkarınız var və demək olar ki, hər kəs sizi sevir. Maraqlıdır, Mariya Stadnik ən çox hansı qadına simpatiya bəsləyir?
- Mənim üçün güclü, müdrik və gözəl bir qadının nümunəsi Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevadır.

- Kimdən alacağınız hansı hədiyyə sizi təəccübləndirə bilər?
- Mən bayram günü deyil, gözləmədiyim anda hədiyyə almağı xoşlayıram.

- Sizin özünüzün xanımlarımıza hansı sözünüz var?
- Arzu edirəm ki, qadınlar təkcə 8 Martda özlərini qadın kimi hiss etməsinlər.

Milli.Az