“Qonşularımıza biskvit satıb, pul qazanırdım”

8 Mart 2021 12:09

İlk dəfədi anamla şəklimi paylaşıram.  Anam Azərbaycan Dillər Universitetinin məzunudur, ingilis dili müəllimidir. Gözümüzü açandan o, həm çalışıb, həm də bizə baxıb, böyüdüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Röya Ayxan sosial şəbəkədə yazıb. Anası ilə fotosunu yayımlayan müğənni bunları əlavə edib:

"İngilis dili müəllimi olmasına baxmayaraq,  günün ikinci yarısı mən, yaxud bacımı götürüb təmizləyəcəyi evlərə gedərdi. Həmin insanların çirkli paltarlarını gətirib yuyub, ütüləyib geri aparardıq. Yəni anam bütün bu əziyyətləri keçmiş bir qadındır.

Demək istəyirəm ki, artıq 10 yaşım olanda onunla işləyib pul qazanırdım. Beşmərtəbəli binada yaşayırdıq, 1-dən 5-ə kimi qonşularımıza biskvit satırdım. Anamın rəfiqəsinin dükanı var idi, şirniyyatları o gətizdirirdi. Bu işi də anama həvalə etmişdi ki, satıb pul qazansın. O vaxtdan söz verdim ki, ana, səni o qədər xoşbəxt edəcəm ki, heç kəsə möhtac qalmayacaqsan,  öz evin olacaq, kirayədə yaşamayacaqsan. Demişdim ki, anama qulluq edəcəklər, onunla maraqlanacaqlar. Və bu arzuma çatmışam!

Anam kimi yüzlərlə belə zəhmətkeş xanımlar var. Bütün qadınlara arzularının çin olmasını diləyirəm. Qız övladları daim analarının yanında olsun, onlar üçün yaşasın. Heç bir çətinlikdən qorxmayın, problemin həllini intiharda görməyin! Hər birimiz ağır günlər keçirmişik. Amma arzular insanı məqsədinə qədər aparır.  Arzularınız tükənməsin!

Anamın simasında bütün anaları, qadınları 8 Mart bayramı münasibətilə təbrik edirəm".

Milli.Az