Peyvəndin əks təsirləri ilə bağlı təcili yardıma müraciətlər olub? - VİDEO

7 Mart 2021 13:09

Mart ayında təcili tibbi yardıma edilən çağırışların sayı artıb. 

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə müsahibəsində TTTYS-nın baş həkimin müavini Nuridə Fərzəliyeva deyib. O bildirib ki, yaz aylarında mövsümi qriplərin sayında artım olduğu üçün vətəndaşlar korona simptomlarından şübhələnir və təcili yardıma müraciət edir:

"Buna görə, yanvar-fevralla müqayisədə hərarətlə bağlı təcili yardıma müraciətlərin sayı nisbətən artıb. Ümid edirik ki, əvvəlki yüksək yoluxma statistikası bir də geri dönməz. Əgər bu hal yenidən təkrarlanarsa, biz yenə də gücləndirilmiş rejimdə fəaliyyətimizi davam etdirəcəyik. Onsuz da pandemiya başlayandan gücləndirilmiş rejimində çalışırıqdıq və təcili yardım işçilərinin heç biri demək olar ki, 1 il ərzində məzuniyyətə çıxmadı". 

N. Fərzəliyeva onu da qeyd edib ki, vaksin olunan şəxslər tərəfindən də yüngül əks təsirlərlə bağlı təcili yardıma müraciətlər daxil olub:

"Vaksindən sonra bizə müraciət edən vətəndaşlarımız arasında ağır hala rast gəlmədik. Bəzi əlamətlərlə bağlı çağırışlar oldu və həkimlərimiz onları müayinə etdi. Məlum oldu ki, onların çoxu panika ilə əlaqədardır. Yüngül əlamətlərə görə ilkin tibbi yardım göstərilən cüzi sayda xəstələr də qeydə alındı".

Milli.Az